Əlisəfdər Hüseynov
Doğum tarixi:
01 iyul 1959
Əlisəfdər Mürsəl oğlu Hüseynov Göyçayda anadan olub.
Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.
“Bakı”, “Yeni fikir”, “Müstəqil qəzet”, “Ülfət” qəzetlərində, Azərbaycan televiziyasında işləyib. Azərbaycan Silahlı Qüvvələrində hərbi jurnalistika sahəsində fəaliyyət göstərib (1993-2007). “Azərbaycan ordusu” qəzetinin və “Hərbi Nəşriyyat”ın baş redaktoru vəzifəsində çalışıb.
Qarabağ müharibəsi veteranıdır.
Dövri mətbuatda ötən əsrin 80-ci illərinin əvvəllərindən bədii-publisistik və elmi-nəzəri yazılarla çıxış edir. “Həsən Məmmədov” (1990), “Döyüş havası” (1996), “Kino: yuxudan reallığa” (1998), “Kino və poeziya” (2000), “Tanış mövzuda variasiyalar” (2009), “Səhnədən o yana, yaxud sözün şəkli” (2012), “Kino terminlərinin izahlı lüğəti” (2015), “Kinomuzda Anar fenomeni” (2015), “Kinonun fəlsəfəsi” (2019), “5 zirvə”, “Vaqif Mustafayev”, “Sevgimizdən usanmayaq” kitabları işıq üzü görüb. Ekran sənətinin estetik problemlərinin tədqiqi ilə ardıcıl məşğul olur. Məqalələri “Ulduz”, “Qobustan” jurnallarında, “Kino +” qəzetində və digər mətbuat orqanlarında çap olunub.
Mədəniyyət və Turizm Nazirliyinin “Kino sahəsində ən yaxşı tədqiqat əsəri və tənqidi məqalə” müsabiqəsinin qalibi olub. “Qızıl qələm” mükafatı laureatıdır.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru (2007), Əməkdar mədəniyyət işçisidir (2016).