Akif Abbasov
Doğum tarixi:
28 may 1950
Akif Nurağa oğlu Abbasov Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub.
Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis və azərbaycan dilləri fakültəsində təhsil alıb (1968-1973).
“İşıq” şəhər qəzeti redaksiyasında müxbir (1967-1968), Sabirabad rayonunun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində ingilis dili müəlllimi (1973-1975), Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işçi, şöbə müdiri (1975-2001), elmi katib, Bakı Ali Pedaqoji Qızlar Seminariyasında elmi işlər üzrə prorektor (1992-1998), “Təhsil, mədəniyyət, incəsənət” elmi-nəzəri və metodik jurnalın redaktoru (2000-2006) olub. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun “Elmi əsərlər”inin baş redaktor müavini, Bakı Qızlar Universitetinin “Elmi əsərlər”inin redaktorudur. Ədəbi-pedaqoji fəaliyyətə 1966-cı ildən başlayıb. İlk mətbu yazısı Əli Bayramlı şəhərində çıxan “İşıq” qəzetində dərc olunub (1966). Rus və ingilis dillərindən tərcümələri almanaxlarda, qəzet və jurnallarda çap edilib, kitab və kitabçalar kimi işıq üzü görüb. Ümumtəhsil, orta ixtisas və ali məktəblər, eyni zamanda xüsusi məktəblər üçün 15-dən artıq dərslik və dərs vəsaitinin, həmçinin bir sıra fənn proqramının və elmi-metodik əsərlərin müəllifidir.
Yazıçı, tərcüməçi, pedaqoji elmlər doktoru (1995), professor (2004), Əməkdar müəllim (2012), “Tərəqqi” medalı (2006), “Qızıl qələm” mükafatı (2007) laureatıdır.