Zahid Xəlil

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 20.03.1942

Biography

Zahid Abdulla oğlu Xəlil (Zahid Xəlilov) Yevlaxda anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil alıb (1959-1965). Əmək fəaliyyətinə Yevlax Tütün Fermentləmə zavodunda texnik kimi başlayıb. Yevlax şəhər mədəniyyət evinin müdiri (1965-1966), “Qələbə” adlı rayonlararası qəzetin redaksiyasında ədəbi işçi, “Təşəbbüs” adlı Yevlax rayon qəzetində məsul katib, “Mübarizə” adlı Goranboy rayon qəzetində ədəbi işçi, məsul katib vəzifələrində işləyib. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda nəşr olunan “Gənc müəllim” qəzetinin redaktoru təyin olunub. Ədəbiyyat tarixi kafedrasında baş müəllim (1970), Ədəbiyyat və onun tədrisi kafedrasında dosent (1980), Pedaqoqika fakültəsində dekan (1997) işləyib. Filologiya elmləri namizədi (1975), filologiya elmləri doktoru (1990), professor adını alıb (1991). 1997-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışır. “Detskaya literatura Azerbaydjana” (Azərbaycan uşaq ədəbiyyatı) kitabı M.Lomonosov adına Moskva Dövlət Universitetinin Filologiya fakültəsi tələbələri üçün dərs vəsaiti kimi qəbul olunub. Ali məktəblər üçün “Uşaq ədəbiyyatı”, ibtidai məktəbin II və III sinifləri üçün “Azərbaycan dili” dərsliklərinin həmmüəllifidir.

“Vətənim” adlı ilk şeiri “Yeni Yevlax” qəzetində çap olunub (1958). Dövri mətbuatda müntəzəm çıxış edir. 1982-ci ildə “Literaturnaya qazeta”da dərc olunan “Kölələr” və “Limonad içməyim” hekayələrinə görə redaksiyanın “Zolotoy telyonok” mükafatına layiq görülüb. SSRİ üzrə “İlin ən yaxşı uşaq kitabı” müsabiqəsinin (1987), “İlin ən yaxşı uşaq kitabı” Respublika müsabiqəsinin (1988) qalibi olub. YUNESKO-nun uşaq ədəbiyyatının tədqiqi ilə bağlı MOUDL təşkilatının üzvüdür. 6 cilddə “Seçilmiş əsərləri” nəşr olunub (2010).

Azərbaycan Televiziyasında “Sizin sevimli yazıçılarınız”, “Çıraq”, “Məktəblinin kitabxanası”, “Sərbəst düşüncə studiyası” verilişlərinin müəllifi və aparıcısı olub (1975-2006).

“Qızıl qələm” mükafatı laureatıdır (2002). “Tərəqqi” medalı ilə təltif olunub (2006).

 

 

 

x