Yusif Vəzir Çəmənzəminli

yazıçı

Personal Info

  • Doğum tarixi: 12.09.1887
  • Vəfat tarixi: 03.01.1943

Biography

Yusif Vəzir Çəmənzəminli – Yusif Mirbaba oğlu Vəzirov Şuşada anadan olub. İlk təhsilini Şuşada “Kar Xəlifə” ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində alıb. 1896-ci ildə Şuşa realnı məktəbinə daxil olub. Bu məktəbdə təhsilini rus dilində aldığı üçün 1904-cü ildə “Jaloba” adlı ilk şeirini yazıb. Həmin illərdə əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində “Fokusnik” adlı aylıq yumoristik jurnal çıxarıb. Şuşada baş verən erməni-müsəlman toqquşmaları nəticəsində məktəbi tərk etməyə məcbur olaraq təhsilini davam etdirmək üçün Bakıya gedir. 1910-cu ildə Bakı realnı məktəbini bitirərək Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olub. Bu dövrlərdə uşaqlar üçün yazdığı və əsasını xalq nağıllarından götürdüyü məşhur “Məlik Məmməd” nağılını qələmə alıb. Ukraynada “Yeddi hekayə” (1912), “Həyat səhifələri” (1913), “Arvadlarımızın halı”, “Qanlı göz yaşları”, “Ana və analıq” kitabları işıq üzü görüb. Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə birgə “Musavat”ın Kiyev şöbəsini qurub. Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən Ukraynada diplomatik nümayəndə təyin edilib. Həmin dövrdə “Azərbaycanın Muxtariyyatı” və “Biz kimik və istədiyimiz nədir?” kitablarını çap etdirib. Daha sonra Nəsib bəy Yusifbəylinin təklifi ilə 1919-cu ildə səfir kimi İstanbul şəhərinə göndərilib. O, İstanbulda diplomatik fəaliyyətlə yanaşı, öz ədəbi yaradıcılığını da davam etdirib. “Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi–coğrafi və iqtisadi Azərbaycan” adlı kitablarını yazıb. Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra Parisdə təhsil alan kiçik qardaşı Mirabdullanın yanına gedib. Lakin çox keçmədən Mirabdulla vəfat etdiyi üçün Azərbaycana qayıtmağı qərara alıb. 1926-cı ildə Ümumittifaq İcraiyyə Komitəsinin qərarına əsasən o, sovet vətəndaşlığına qəbul olunub. Vətəninə qayıdandan sonra “Bakı işçisi” nəşriyyatında şöbə redaktoru, daha sonra Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləyib, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, müxtəlif institutlarda rus dilindən dərs deyib.

Əsərlərini “Bədbəxt”, “Haqq tərəfdarı”, “Müsavi”, “Stradayuşiy”, “Sərsəm” və başqa təxəllüslərlə yazan yazıçının ən tanınmış təxəllüsü “Cəmənzəminlidir”. “Ağsaqqal”, “Хanın qəzəbi”, “Hacı”, “Zeynal bəy”, “Sоn bahar”, “Üç gecə” əsərləri realist janrın ən yaхşı nümunələrindəndir. О, Azərbaycan tariхi-fəlsəfi rоmanının ilk nümunəsi оlan “Qızlar bulağı” əsərinin müəllifidir. Azərbaycan tariхi rоmanının klassik nümunəsi sayılan “Qan içində” rоmanında Çəmənzəminli Qarabağ хanlığını Azərbaycanın rəmzi kimi göstərib. Romanda 18-ci əsrin ikinci yarısında Azərbaycanın ictimai-siyasi həyatı təsvir оlunub.

Stalin repressiyaları illərində yaxınlaşmaqda olan təhlükəni hiss edərək əlyazmalarının böyük bir hissəsini yandırmağa məcbur olub. 1937-ci ildə o, Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarılıb. 1938-ci ildə Özbəkistanın Urgənc şəhərindəki Pedaqoji İnstitutda baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunub. 1940-cı il yanvarın 25-də həbs edilərək Bakıya gətirilib. Altı aya yaxın Keşlə qəsəbəsindəki həbsxanada saxlanıldıqdan sonra 1940-cı ildə Nijni Novqorod vilayətindəki həbs düşərgəsinə göndərilib. Yusif Vəzir Çəmənzəminli 1943-cü ildə dustaq olduğu həbs düşərgəsində vəfat edib və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub.

 

x