Vidadi Həsənov

aktyor

Personal Info

  • Doğum tarixi: 16.07.1958

Biography

Vidadi İsmayıl oğlu Həsənov (H.V.İsmayıl) Gəncədə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb (1980-1984). Gəncə Dövlət Teatrında (1978-1979), Tədris Teatrında (1984-1989), Yuğ Teatrında (1989-cu ildən) aktyor kimi çalışıb. Zəfər Yaradıcılıq Mərkəzində Şekspirin “Afinalı Timon” tamaşasında 3 rolda iştirak edib (rejissor Azərpaşa Nemət).

2009-cu ildə “Axın” Teatr Məktəbini təsis edib. 2016-cı ildə “Media Company”nin nəzdində yaradılmış “M.Teatr Production”un bədii rəhbəridir.

Tükdilli xalqların 2-ci Beynəlxalq Teatr Festivalında özünün quruluş verdiyi “Dədə Qorqud” monotamaşasındakı işinə görə “ən yaxşı aktyor” mükafatına layiq görülüb (1996, Ufa).

1986-cı ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun müəllimidir. Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi münasibətilə keçirilən tələbələrin I beynəlxalq teatr festivalında rəhbəri olduğu kursun tələbələri “Qran-pri” mükafatı alıb (2011, Almata).

Estoniya istehsalı olan “Güruh” filmində meksikalı rolunda çəkilib.

Avropa Kinematoqrafçılar Assosiasiyasının xətti ilə Tiflis (2009) və Moskvada (2010) ssenaristlər kursunu keçərək beynəlxalq sertifikat alıb.

Müxtəlif verilişlərin hazırlanmasında, filmlərin dublyajında iştirak edib. Dövri-mətbuatda müntəzəm yazılarla çıxış edir. “21-ci əsr” (“Yolboyu” köşəsi) və “Musavat” (“Sarı sim” köşəsi) qəzetlərində köşə yazıları yazıb. Radio-tamaşaların rejissor və aktyoru olub (M.Süleymanlı “Köç”, Füzuli “Həqiqətüs-süəda”, “Kitab-i Dədə Qorqud – müqəddimə”). Şeirlər kitabı çapdan çıxıb (“Şair olmaq istəmirəm”). Bard janrında musiqi ifaçısıdır. Müxtəlif şairlərin sözlərinə bu janrda 40-yaxın musiqi bəstələyib və ifa edib.

Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir. Əməkdar artist (2012), Xalq artistidir (2019).

 

x