Vasif Babayev

rejissor

Personal Info

  • Doğum tarixi: 16.09.1940

Biography

Vasif Hacıağa oğlu Babayev Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda (1958-1965), Leninqrad Televiziyası nəzdində Ali Televiziya rejissoru kurslarında (1966) təhsil alıb.

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində əvvəlcə rejissor köməkçisi, sonra rejissor assistenti, rejissor (1964-1969), baş rejissor (1969-1991), bədii rəhbər (1991-1994) işləyib. “MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan filialının direktoru (1994-1995), “SARA” Müstəqil Teleradio Şirkətinin icraçı direktoru (1996-1999), Moskvada Rusiyanın “İnter-AZ” Müstəqil Teleradio şirkətinin vitse-prezidenti (2001-2006) olub.

Onlarla geniş formatlı “Yeni il: Mavi işıq” adlı televiziya proqramları və bayram verilişlərinin quruluşçu rejissoru olub (1969-1987).

Jurnalist Nadejda İsmayılova ilə birlikdə kino və televiziya tarixində ilk dəfə olaraq Sovet Azərbaycanı DTK-nın arxivində araşdırmalar apararaq, “Mikayıl Müşfiq”, “Abbas Mirzə Şərifzadə”, “Ülvi Rəcəb”, Ruhulla Axundov“, “Hüseyn Rəhmanov”, “Salman Mümtaz” kimi “siyasi məhbuslar”ın şəxsi işləri əsasında bir sıra silsilə verilişlərin hazırlanmasına yol açıb (1987).

1969-1982-ci illərdə Heydər Əliyevin iştirakı ilə keçirilən vacib dövlət və hökümət tədbirlərinin, televiziya verilişlərinin, translyasiyaların və canlı yayımlanan proqramların aparıcı rejissoru olub. Ümummilli Lider Heydər Əliyevin televiziya və kino salnaməsinin yaradıcılarından biridir.

1972-1987-ci illərdə SSRİ Mərkəzi Televiziyasından İnterviziya sistemi ilə Avropaya, sosialist dövlətlərinə yayımlanan iki saatlıq Azərbaycan haqqında filmlərin müəllifi və rejissoru olub.

Müxtəlif televiziya kanallarında yayımlanan yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar haqqında silsilə verilişlərin, “Hər çinardan bir yarpaq”, “Mahnı şəhəri gəzir”, “Caz monoloqu”, “Arzular” musiqi poçtu, “Dalğa”, “Görüşlər, xatirələr”, “Şənbədən şənbəyə”, “Drujba studiyası”, “24 saat”, “Asiman”, “Nəğməli bağ”, “17-ci mərtəbə”, “Şans bazarı”, “Korifeylər”, “Arzular, təbriklər”, “Şurum-burum”, “Rezonans”, “Həftə”, “Yeddi gün”, “Kontakt”, “Sara-xəbər”, “Dedim-dedi”, “İnter-Diaspora” verilişlərinin rejissoru olub.

1967-1992-ci illərdə Bolqarıstan, Yuqoslaviya, Avstriya, Macarıstan, Yunanıstan, Türkiyə, Malta, İspaniya, Fransa, İtaliya, İran kimi xarici ölkələrdə çəkilişlər apararaq, verilişlər və kinofilmlər hazırlayıb.

40-dan çox sənədli filmin müəllifi və rejissorudur.

Filmlərinə görə müxtəlif beynəlxalq və Ümumittifaq festivalların mükafatlarına layiq görülüb:

“Sahil bağı” filminə görə “Prometey 67” Zona Kinofestivalında debüt nominasiyası üzrə mükafata (1967, Kiyev), 1-ci Ümumittifaq televiziya filmləri festivalında münsiflər heyətinin mükafatına (1968, Moskva) layiq görülüb.

“Qızıl güllər diyarı” filminə görə “Prometey-69” Kinofestivalında diplom alıb (1969, Tbilisi).

“Sovet Azərbaycanı” filmi Ümumittifaq Telefilmlər Festivalında SSRİ Jurnalistlər İttifaqının Mükafatına layiq görülüb (1977, Leninqrad).

“Şəki” filmi Ümumittifaq Telefilmləri Festivalında Naxodka şəhərinin mükafatını alıb (1978, Vladivostok).

“Xuraman” filmi Ümumittifaq Telefilmləri Festivalında Azərbaycan kino tarixində ilk dəfə olaraq Böyük mükafat – “Qrand-Prix” alıb (1979, Bakı).

“Azərbaycan iri addımlarla irəliləyir” filmi isə həmin Festivalda Münsiflərin xüsusi mükafatına layiq görülüb.

“Həqiqətin anı” filmi Ümumittifaq Telefimləri Festivalında diplom alıb (1985, Kiyev).

Müxtəlif festivallarda münsiflər heyətinin və ekspert komissiyalarının üzvü kimi fəaliyyət göstərib: Vladivostokda (1978), Bakıda (1979), İrəvanda (1981), Alma-Atada (1983), Kiyevdə (1985) keçirilən Ümumittifaq Festivallarında jüri üzvü kimi fəaliyyət göstərib.

Yurmalada “İnsan və dəniz” Beynəlxalq KinoFestivalında Azərbaycanı təmsil edib (1987).

I Beynəlxalq Audiovizual Film Festivalının (2001), Gənclərin ekologiya mövzusunda II Ümumrespublika Teatr Festivalının (2012), Bakı Beynəlxalq Turizm Filmləri Festivalının (2013, 2014), “Azərbaycan ailəsi” Film Festivalının (2014), “Qızıl Pəri” Kino Akademiyası Peşə Mükafatı üzrə (2018) münsiflər heyətinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Bu meydan, bu ekran” kino müsabiqəsinin ekspert komissiyasının (2007-2011) üzvü olub.

Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib (1967). “SSRİ Televiziya və Radio Əlaçısı”dır (1981).

“MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Nümayəndəliyinin direktoru işləyərkən, nümayəndəlik beynəlxalq “Humay” mükafatına layiq görülüb (1994).

“Akademik Yusuf Məmmədəliyev” medalı ilə təltif olunub (1999).

Rusiya Əməkdaşlıq Təşkilatının Fəxri Fərmanı ilə (2015), “Yüksəliş” filminə görə Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyinin Diplomu ilə (2015) təltif edilib.

“Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyası tərəfindən Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Mədəniyyət səfiri” fəxri adına layiq görülüb (2016).

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Milli kino sahəsindəki çoxillik əməyinə və göstərdiyi xidmətə görə” Fəxri Fərmanı ilə (2018), Milli Qəhrəman Çingiz Mustafayev adına Fond tərəfindən “Ölkənin tərəqqisi naminə göstərdiyi əhəmiyyətli və əvəzsiz xidmətlərə görə” Diplomla (2018) təltif edilib.

“Qızıl Pəri” Kinoakademiyası tərəfindən “Milli televiziyanın inkişafına verdiyi töhfələrinə görə” nominasiyası üzrə Mükafata layiq görülüb (2018).

Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Azərbaycan Kinematoqrafçılar İttifaqının (1973), Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının (2000) üzvüdür.

Azərbaycan Respublikasının Əməkdar artisti (1977), Xalq artistidir (1989). Azərbaycanın “Xalq artisti” fəxri adına Respublikada layiq görülmüş ilk televiziya rejissorudur.

Rejissor Vasif Babayev rejissor Arif Babayevin qardaşıdır.

 

x