Vəfa Nüsrət qızı Fətullayeva Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olan Vəfa Fətullayeva Məhərrəm Haşımovun kursuna düşür. Bir müddət öz xarici görkəmini nəzarətsiz buraxdığından birdən-birə kökəlir. Bu, Məhərrəm Haşımovun da diqqətindən yayınmır. Dərslərin birində “Qız, sən yaman kökəlirsən, bunun axırı hara gedəcək?” deyir. Yarızarafat-yarıciddi deyilmiş bu sözlər onun taleyini təyin edir. Bir müddət dərsə gəlmir, heç kimlə məsləhətləşmədən fakültəsini dəyişir… teatrşünaslığa keçir. 1970-ci ildən Dram Teatrında çalışıb. Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə düçar olub. Əməkdar artist (1982), Dövlət mükafatı laureatı (1984) Vəfa Fətullayeva 1987-ci ildə 42 yaşında vəfat edib.
Aktrisa Vəfa Fətullayeva rəssam Nüsrət Fətullayevin və aktrisa Hökumə Qurbanovanın qızıdır.