Şamil Mahmudbəyov (II)

kino istehsalı təşkilatçısı

Personal Info

  • Doğum tarixi: 07.05.1898
  • Vəfat tarixi: 27.09.1946

Biography

Şamil Həbibbəy oğlu Mahmudbəyov Bakıda anadan olub. Bakı Realnıy Məktəbində (1916), Kiyev Politexnik İnstitutunda təhsil alıb. 1920-ci ildən məsul vəzifələrdə çalışıb. Nəriman Nərimanovun şəxsi katibi olub, Şuşa Qəza İcraiyyə Komitəsinin sədri, Qarabağ və Zəngəzurun Fövqəladə Komissarının müavini, Naxçıvan Xalq Daxili İşlər Komissarı, Naxçıvan Xalq Komissarları Şurasının sədrinin müavini və sədri,Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin işlər müdiri olub. Torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinə qarşı qətiyyətli mübarizə aparıb. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Arxivində və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin siyasi sənədlər arxivində onun Nəriman Nərimanova yazdığı gizli məktublar saxlanılır.

1924-1928-ci illərdə Azərbaycan Dövlət Foto-Kino İdarəsinin (AFKİ) sədri vəzifəsində işləyib.

1931-ci ilə kimi Kənd Təsərrüfatı İnstitutunun tədris bölməsinin prorektoru vəzifəsində çalışıb. 1931-ci ildə Moskvaya Qırmızı Professorlar İnstitutuna göndərilib. 1933-cü ildə Sormovaya göndərilib, şəhərin zavodlarında geniş maarifləndirmə işi aparıb, ictimai fəaliyyətlə məşğul olub. Qorki şəhərində Marksizm-Leninizm İnstitutunda oxuyub. 1936-cı ilin martında Marksizm-Leninizm İnstitutunun IV kursunda təhsil alarkən bir sıra professor və tələbələrlə birgə “xalq düşməni” adı ilə həbs edilib. 1946-cı ildə həbsxanada beyninə qan sızmasından vəfat edib. Sovet İttifaqı Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarı ilə 30 aprel 1957-ci ildə ölümündən sonra bəraət verilib.

x