Şəmsəddin Abbasov

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 27.05.1906
  • Vəfat tarixi: 20.09.1975

Biography

Şəmsəddin Bəhlul oğlu Abbasov Abşeron rayonunun Sayadlar kəndinə anadan olub. Bakıda rus-tatar məktəbində, Politexnik İnstitutunda (1926–1927) təhsil alıb. 1923-cü ildən “Yeni fikir”, “Kommunist” və “Gənc işçi” qəzetlərilə əməkdaşlıq edib. Bu dövrdə “Məhşər günü” hekayəsi ilə ədəbi aləmə daxil olub. 1926-cı ildə “Gənc işçi” qəzeti redaksiyasında məsul katib vəzifəsində işləyib, eyni zamanda “Komsomol” jurnalının redaksiya heyətinin tərkibinə daxil edilib. “Gənc qızıl qələmlər”in təşkilatçılarından olub. 1929-cu ildən “Kommunist” qəzetinin məsul katibi işləyib. M.F.Axundov adına Opera və Balet Teatrının direktoru (1938–1939) kimi Moskvada Azərbaycan incəsənəti dekadasında iştirak edib. Bakı kinostudiyasının direktoru olub (1939-1941). 1942-ci ildən Azərbaycan KP MK aparatına işə dəyişdirilib. Burada təlimatçı, eyni zamanda Azərbaycanın İkinci Dünya müharibəsində iştirak etməsi ilə məşğul olan komissiyanın məsul katibi işləyib. 1944-cü ildə Azərbaycan SSR Nazirlər Soveti Yanında Radiolaşdırma və Radio Verilişləri Komitəsinə sədr təyin olunub. 1951-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləyib. Rus dilindən ədəbi ssenarilər (“Stalinqrad döyüşü”, “Musoqorski”), pyeslər (“Ulduzcuğaz”, “Xmelnitski”, “Saatsaz və toyuq”), roman və hekayələr (S.Babayevski “Yer üzərində işıq”, A.Çexovun vodevilləri) tərcümə edib. Özu də ssenari və pyeslər yazıb: “Babək” (1940), “Qələbə” (1931), “Qana qan” (1944), “Əsgər və Simuzər” (1945), “Fərhadın ailəsi” (1950), “Mister Uoll-trit” (1951). Şəmsəddin Abbasov 1975-ci ildə vəfat edib.

Yazıçı Şəmsəddin Abbasov aktyor Gündüz Abbasovun atasıdır.

 

x