Səməd Vurğun

şair

Personal Info

  • Doğum tarixi: 21.03.1906
  • Vəfat tarixi: 27.05.1956

Biography

Səməd Vurğun (Səməd Vəkilov Yusif oğlu) Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olub. 1918-ci ildə Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək Qazax müəllimlər seminariyasını təşkil edir. Məktəbə qəbul olunan kənd uşaqları arasında o da var idi. Seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayıb. “Yevgeni Onegin” (Aleksandr Puşkin), “Qız və ölüm” (Maksim Qorki), “Pələng dərisi geymiş pəhləvan” (Şota Rustaveli), “Leyli və Məcnun” (Nizami Gəncəvi) əsərlərini Azərbaycan dilinə tərcümə edib. Özünə “Vurğun” təxəllüsünü götürüb. İkinci Moskva Universitetinin Ədəbiyyat fakültəsində təhsil alıb (1929). Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər “Şairin andı” adlı ilk kitabında toplanıb (1930). “Könül dəftəri” (1934) və “Şeirlər” (1935) adlı kitabları nəşr olunub. Təkcə 1935-ci ildə 7 poema və 100-ə yaxın şeir yazıb. 1933-cü ildə yazılmış “Azərbaycan” şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. 1937-ci ildə “Vaqif” dramını yazıb, “Stalin mükafatı”na layiq görülüb (1941). 1939-cu ildən başlayaraq Nizami haqqında məqalələr yazıb, elmi məruzələrlə çıxış edib. “Xosrov və Şirin” poemasının motivləri əsasında mənzum dram yazıb (1941). Bu əsərə görə ikinci dəfə “Stalin mükafatı”na layiq görülüb (1942). Müharibə illərində 60-dan artıq şeir, bir neçə poema, o cümlədən “Bakının dastanı” poemasını yazıb. “Ukrayna partizanlarına” şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılmışdı. ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində “Ananın öyüdü” şeiri yüksək qiymətləndirilib və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılıb (1943). Fəlsəfi dram olan “İnsan”da gələcəyi romantik vüsətlə əks etdirməyə çalışaraq, müharibənin odlu-alovlu günləri içərisində insan zəkasının qüdrətini göstərib (1945). 1945-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilib. Elə həmin il Bakıda yeni yaranmış Mədəni Əlaqələr Cəmiyyətinin rəhbəri təyin edilib. Bir-birinin ardınca “Muğan” (1948), “Aygün” (1951) və “Zamanın bayraqdarı” (1952) poemalarını qələmə alıb. 1954-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib. 1955-ci ildə SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnib və səfərini yarımçıq saxlamalı olub. Çində onu Pekin xəstəxanalarından birində müayinə ediblər. Bir neçə həftədən sonra vətənə qayıdıb, xəstəliyi şiddətlənib. 1956-cı ildə 50 illik yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində “Azərbaycanın Xalq şairi” adı təsis edilib və ilk dəfə bu ada Səməd Vurğun layiq görülüb. May ayının 12-də şairin təntənəli yubiley gecəsi keçirilib. 1956-cı il may ayının 27-də şairin gözləri əbədi yumulub. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulub. May ayının 30-da Fəxri Xiyabanda dəfn edilib.

Yazıçı Səməd Vurğun yazıçı Yusif Səmədoğlunun və şair Vaqif Səmədoğlunun atasıdır.

 

x