Ramiz Fətəliyev

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 07.06.1946

Biography

Ramiz Məmmədəli oğlu Fətəliyev Bakıda anadan olub. Azərbaycan Dövlət Neft-Kimya İnstitutunda (1969), Moskvada Ali rejissorluq və ssenaristlər kursunda (1972) təhsil alıb. Respublika qəzetlərində və jurnallarında əsərləri çap olunub. “Azərbaycanfilm” kinostudiyasıın ssenari-redaksiya kollegiyasının üzvü (1974-1975), baş redaktoru (1986-1987), direktoru (1987-1995) kimi çalışıb. Siyasi və detektiv romanların Sovet Assosiasiyasının vitse-prezidenti (1987-1991), Ali Sovetin deputatı, Milli Məclisin üzvü olub (1990-1995).

Yazdığı ssenarilər əsasında müxtəlif kinostudiyalarda filmlər çəkilib. “Yolayrıcı” (1974), “Öz bəxtim” (1979, rejissor Vyaçeslav Kriştofoviç), “Həyatın xırdalıqları” (1980, rejissor Vyaçeslav Kriştofoviç), “Altıncı” (1981, rejissor Samvel Qasparov), “Köhnə məktublar” (1981, rejissor Anatoli İvanov), “Biçinçilər” (1982, rejissor Rafael Xostikyan / Ermənistan), “Zağcalar” (1982, rejissor Konstantin Yerşov), “Ailə işi” (1982, rejissor Nikolay Maletski), “Xüsusi risk etmədən” (1983, rejissor Samvel Qasparov), “Şahidsiz” (1983, rejissor Nikita Mixalkov), “Sövdə” (1985, rejissor Mixail Vedışev), “İnciklik” (1986, rejissor Arkadi Sirenko), “Şübhəli toy” (1986, rejissor Aleksandr İtıqilov), “Təzə evlənənlər üçün çətir” (1986, rejissor Rodion Naxapetov), “Həyatın mənası” (1987, rejissor Dəmir Səlimov / Özbəkistan), “Ətli-canlı” (1990, rejissor Boris Qriqoryev / Ukrayna), “40” (2007, rejissor Aleksandr Qalibin), “Ömürdən sonra” (2007, rejissor Oleq Osipov), “Paket” (2009, rejissor Stanislav Mareyev) filmlərinin ssenari müəllifi, “Qraf Krestovski” (2004 / Rusiya) serialının rejissoru və ssenari müəllifidir. 

2002-ci ildən rejissor kimi də fəaliyyət göstərir. Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Xalq artistidir (2016). “Şöhrət” ordeni ilə təltif edilib (2016). Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb (2019).

 

x