Qurban Məsimov

aktyor

Personal Info

  • Doğum tarixi: 26.01.1971

Biography

Qurban Abdulla oğlu Məsimov (Qurban Məsimli) Şəkidə anadan olub. Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində (1988-1993), Bakı Musiqi Akademiyasının vokal şöbəsində (1995-2001), Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunda (1998, Gürcüstan) təhsil alıb. Sofiyada “Yay Akademiyası” proqramı çərçivəsində “Fildenkrayz Metodu” seminarında iştirak edib (2000, Bolqarıstan). 1994-cü ildən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi “Dəli yığıncağı” Pantomim Teatr-Studiyasında fəaliyyət göstərib. 2000-ci ildə teatr dövlət statusu alıb və adı Dövlət Pantomim Teatrı olub. ABA televiziyasında yayımlanan “Nəm-Nəm” (2000-2002), Lider televiziyasında “Mətbəxdə Şou-Nəm-Nəm” (2003), Azərbaycan televiziyasında “Gülməşəkər” verilişinin aparıcısı olub. Həmçinin klounada janrında da yaradıcılıq təcrübələri var. Səhnə təxəllüsü Kloun Appadır. Xarici film istehsalçılarının “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev, Krestovski agenti rolunda / Rusiya), “Arzular” (2005, rejissor Rəhbər Qənbəri, Araz rolunda / İran), “İtirilmiş pay” (2007, rejissor Həsən Nəcəfi, Ruhiddin rolunda / İran) və “Səkkizinci asiman” (2011, rejissor Həsən Nəcəfi, Qurban rolunda / İran) filmlərində çəkilib. 2013-cü ildən Azərbaycan Dövlət Kukla Teatrının baş rejissorudur. 2018-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyorluğu kafedrasının müəllimidir. “Humay” mükafatçısı (2019), Əməkdar artistdir (2019).

 

x