Nurəddin Babayev

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 23.03.1921
  • Vəfat tarixi: 25.09.1991

Biography

Nurəddin Həsən oğlu Babayev Gəncədə anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. “Kommunist” qəzeti redaksiyasında şöbə müdiri (1943-1945), “Azərbaycan müəllimi” qəzetində redaktor müavini, “Uşaqgəncnəşr”də baş redaktor (1953) olub. 1953-cü ildən Jurnalistika kafedrasında baş müəllim vəzifəsində çalışıb. “Azərbaycanda bədii oçerkin inkişafı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi (1958), daha sonra filologiya elmləri doktoru alimlik dərəcəsi alıb, Dosent olub (1962). 1969-cu ildə Jurnalisitika fakültəsinin və Jurnalistlər İttifaqının təşkilində rolu olub. Azərbaycan Dövlət Universitetində Jurnalistika kafedrasının, daha sonra şöbəsinin müdiri, Jurnalistika fakültəsinin dekanı kimi vəzifələrdə çalışıb. Azərbaycan jurnalistikası tarixində ilk stabil dərs vəsaiti olan iki cildli “Jurnalistika məsələləri” kitabının elmi redaktoru və əsas müəlliflərindən biridir. “Jurnalistika məsələləri” kitabına görə “Qızıl qələm” mükafatına layiq görülüb (1966). Azərbaycan Yazıçilar İttifaqının oçerk və publisistika şurasının sədri, Jurnalistlər ittifaqının üzvü və idarə heyətinin katibi olub. Elmi əsərlərin “Jurnalistika” seriyasının və “Jurnalist” tədris qəzetinin təşkilatçısıdır. Azərbaycan ədəbiyyatında oçerk üslubunun nəzəri əsaslarını yaradıb. Azərbaycanda Ədəbiyyat və İncəsənət arxivinin təşkilində rol oynayıb. Ədəbi fəaliyyətə 1939-cu ildə başlayıb. “Əbədi qəhrəmanlıq” adlı ilk kitabı 1945-ci ildə çap olunub. “Oğluma məktublar”, “Qızlar söz istəyir”, “Qızlar, sözüm sizədir”, “İşıq və məhəbbət”, “Ürəklər bir olanda” əsərlərindən bəziləridir. Əsərləri rus, alman, ingilis, fransız, ispan, polyak, bolqar, macar və s. dillərə tərcümə olunub. Müəyyən dövr ərzində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor işləyib. Yazıçı, jurnalisti, professor (1981), publisist, Əməkdar incəsənət xadimi Nurəddin Babayev 1991-ci ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.

 

x