Niyazi

bəstəkar

Personal Info

  • Doğum tarixi: 20.08.1912
  • Vəfat tarixi: 02.08.1984

Biography

Niyazi Tağızadə-Hacıbəyov Zülfüqar oğlu Tiflisdə anadan olub. Y.Şefferlinq adına məktəbdə skripka sinifində, Moskvada Mixail Qnessinin bəstəkarlıq sinifində (1925-1926), Leninqrad Mərkəzi Musiqi Texnikumunda bəstəkarlıq sinifində təhsil alıb (1929-1930). Ancaq şəhərin havası ona düşmədiyindən və darıxdığından sonuncu təhsilini bitirə bilməyib. Sonra İrəvan Konservatoriyasında, Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasında (1933-1934) təhsil alıb. 1935-ci ildən kino üçün musiqi yazıb. “Xosrov və Şirin” operasının (1942), “Çitra” baletinin (1961), “Zaqatala süitası” (1934), “Qaytağı” (1939), “Konsert valsı” simfonik əsərlərinin, iki hissəli “Qəhrəmanlıq” simfoniyasının (1944), “Rast” simfonik müğamının (1949) “1920-ci ildə” opera-kantatasının, simfonik orkestr üçün “Rəqs süitası”nın və sair musiqi əsərlərinin müəllifidir. Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”, Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını (“Xumar oldum”, “Qaragilə”, “Ay bəri bax”, “Küçələrə su səpmişəm”) simfonik orkestr üçün işləyib, “Rast” və “Şur” muğamlarını nota salıb. Azərbaycan Dövlət Simfonik Orkestrinin təşkilində fəal iştirak edib. İfaçılıq fəaliyyəti daha çох Оpera və Balet Teatrı ilə bağlıdır. Uzun illər bu teatrın dirijоru (1951-1952), baş dirijоru, bədii rəhbəri və direktоru оlub. Azərbaycan Dövlət Filarmoniyasının direktoru işləyib (1979). S.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru olub (1960-1961).

Rusiya istehsalı olan “Mahnı bitməyəndə” (1964, rejissor Roman Tixomirov) filmində dirijor rolunda çəkilib.

Əməkdar incəsənət xadimi (1940), Xalq artisti (1955), SSRİ Xalq artisti (1959), Sosialist Əməyi Qəhrəmanı (1982), Azərbaycan (1967) və SSRİ Dövlət mükafatları laureatı (1951, 1952), Dirijorların Ümumittifaq Baxışının laureatı (1946), Beynəlxalq Nehru mükafatı laureatı (1974) Niyazi 1984-cü ildə vəfat edib.

Bəstəkar, dirijor Niyazi bəstəkar Zülfüqar Hacıbəyovun oğludur.

 

x