Nigar Rəfibəyli

şair

Personal Info

  • Doğum tarixi: 23.06.1913
  • Vəfat tarixi: 09.07.1981

Biography

Nigar Xudadat qızı Rəfibəyli Gəncədə anadan olub. Bakı Pedaqoji Texnikumunda (1930), Moskva Pedaqoji İnstitutunda (1932-1936) təhsil alıb. Bakı kinostudiyasında ssenari şöbəsində, fəhlə-gənclər məktəbində (1930-1932), “Azərnəşr”də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor (1937-1939) vəzifələrində işləyib. “Çadra” adlı ilk şeiri 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc edilib. 1934-cü ildə nəşr olunmuş ilk “Şeirlər” kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. “Dolores İbarruri” (1936) şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunub. “Cəmilə” şeiri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunub.

Məhsəti Gəncəvinin rübailərini, Evripidin “İfigeniya”, Fridrix Şillerin “Məkr və məhəbbət”, Anton Çexovun “Vanya dayı”, “Albalı bağı” dramlarını, E.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanlarını, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərlərini tərcümə edib.

Əməkdar mədəniyyət işçisi (1967), Xalq şairi (1981) Nigar Rəfibəyli 1981-ci ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.

Şair Nigar Rəfibəyli şair Rəsul Rzanın həyat yoldaşı olub.

Şair Nigar Rəfibəyli yazıçı Anar Rzayevin anasıdır.

 

x