Nazim Hikmət

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 15.01.1902
  • Vəfat tarixi: 03.06.1963

Biography

Nazim Hikmət (Nazim Hikmət Ran) Salonikidə anadan olub. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olub, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə oradan xaric edilib. 1921-ci ildə Moskvaya gələrək Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil alıb (1922-1924). 1924-cü ildə Türkiyəyə qayıdıb, inqilabi “Oraq-çəkic” qəzetində, “Aydınlıq” jurnalında Lenin ideyalarını tərənnüm edən yazılarla çıxış edib. 1925-ci ildə qiyabi surətdə 15 il həbsə məhkum edilib. 1927-ci ildə yenidən gizli olaraq SSRİ-yə gedib. 1928-ci ildə Bakıda şairin “Günəşi içənlərin türküsü” adlı ilk şeirlər kitabı çapdan çıxıb. 1928-ci ildə yenidən Türkiyəyə qayıtdıqdan sonra həbs olunub, 8 ay həbsxanada yatıb və işdə heç bir dəlil-sübut olmadığına görə azad edilib. “835 sətir” (1929), “Baron-3” (1930), “1+1=1” (1930), “Səsini itirmiş şəhər” (1931) kitablarındakı şeirlərdə xalqın ağır həyatı, inqilabi mübarizəyə çağırış öz əksini tapıb. “Cokonda və Şi-Ya – u” poeması (1924), “Benerci özünü niyə öldürdü” (1932) mənzum romanı imperializmin müstəmləkə siyasətinə qarşı yönəlib. “Kəllə”, “Bir ölü evi, yaxud mərhumun naləsi” (1932), “Bayramın ilk günü”, “Şöhrət və ya unudulan adam” (1935) pyeslərində kapitalizm quruluşu kəskin şəkildə ifşa edilib. 1932-ci ildə türk kommunistlərini yekdil mübarizəyə səsləyən “Gecə gələn teleqram” şeir toplusuna görə 5 il həbs cəzasına məhkum olunub. Bir ildən sonra amnistiya əsasında azad edilib. Sonralar hər yeni kitabın nəşrindən sonra həbsə məhkum olunub. “Taranta Babuya məktublar” (1935) poemasında, “Alman faşizmi və irqçiləri” (1936) publisistik əsərlərində faşizm və onun Türkiyədəki tərəfdarları ifşa olunub. 1936-cı ildə Türkiyədə sağlığında son kitabı – “Şeyx Bədrəddinin dastanı” çapdan çıxıb. 1938-ci ildə sübut olunmamış ittiham əsasında 28 il 4 ay həbs cəzasına məhkum edilib. “İnsan mənzərələri” epopeyasını, “Həbsxanadan məktublar” silsiləsini, “Məhəbbət əfsanəsi”, “Yusif və Züleyxa” pyeslərini və s. əsərlərini həbsxanada yazıb. 1950-ci ildə dünya ictimaiyyətinin tələbi ilə azad olunub. 1951-ci ildən ömrünün sonunadək ikinci vətəni sayılan SSRİ-də yaşayıb. Bu dövrdə “Türkiyədə” (1952), “Qərib adam” (1955), “İvan İvanoviç vardımı, yoxdumu” (1956), “Domokl qılıncı” (1960) və s. pyeslərini, şeir və poema, poeziyaya və dramaturgiyaya dair məqalələrini yazıb. Novator şair türk ədəbiyyatını yeni forma və mütərəqqi məzmunla zənginləşdirib. Türk poeziyasına sərbəst şer vəznini gətirib. Yaradıcılığı müasir türk ədəbiyyatına güclü təsir göstərib. Əsərləri dünya xalqlarının çoxunun dilinə tərcümə olunub, pyesləri bir sıra ölkələrdə tamaşaya qoyulub. 1951-ci ildə Ümumdünya Sülh Şurası Bürosunun və 1959-cu ildən sonra isə onun Rəyasət Heyətinin üzvü olub. Dəfələrlə Bakıya gəlib, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olub, yaradıcılıq əlaqəsi saxlayıb. Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri var. Əsərləri Azərbaycanda nəşr olunub, pyesləri tamaşaya qoyulub. Nazim Hikmət 1963-cü ildə Moskvada vəfat edib.

 

 

 

x