Nadir Bədəlov

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 04.08.1956

Biography

Nadir Xadmətulla oğlu Bədəlov Bakının Buzovna qəsəbəsində anadan olub. N.K.Krupskaya adına Kitabxanaçılıq texnikumunun mədəni-maarıf şöbəsində və M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində təhsil alıb. Təhsil aldığı müddətdə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində elmi işçi vəzifəsində çalışıb. 1984-cü ildən Azərbaycan Radio və Televizya Komitəsində redaktor vəzifəsində işləməyə başlayıb. 1987-ci ildən “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində böyük redaktor vəzifəsində onlarla sənədli filmin çəkilişində iştirak edib. 1978-ci ildən qəzet və jurnallarda teatr və kino sənətkarlarına, tamaşa və filmlərə həsr olunan məqalələr yazıb. “XX əsr. İncəsənət”, “Kino sənətkarları”, “Teatr və zaman”, “İncəsənət almanaxı”, “Qala”, “Qara kabinet”, “Doğma və yad daş”, “Etnos”, “Çərçivə”, “Siyasətnamə” və digər radio və TV layihələrinin müəllifi olub. “215 KL” eksperiment studiyasında şöbə müdiri vəzifəsində çalışıb (1991-1993). 1998-ci ildən etibarən yeni yaranan Space TV-də baş redaktor və sonradan isə “Yaradıcılıq” şöbəsinin müdiri vəzifələrində çalışıb. Uzun illər “Günaydın” səhər proqramının müəllifi və bədii rəhbəri olub. ANS PRESS Mətbuat evinin “El” jurnalının şef-redaktoru vəzifəsində işləyib (2006-2010). Paralel olaraq ANS televiziyasında “Naməlum məşhurlar”, “Dahilərin divanı” və “100-cü baxış” tok-şoularında müəllif və aparıcı qismində çıxış edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. Şarlotta Brontenin, Mişel Montenin, Uilyam Folknerin, Aqata Kristinin, Ambroz Birsin, Yu Nösbenin əsərlərini Azərbaycan dilinə tərcümə edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Azərbaycan məscidləri” kitabının müəllifidir. “Salnamə” sənədli filmlər studiyasında redaktor vəzifəsində işləyib (2010). Hazırda REAL TV-də veriliş aparıcısıdır.

 

x