Müslüm Maqomayev (II)

bəstəkar

Personal Info

  • Doğum tarixi: 18.09.1885
  • Vəfat tarixi: 28.07.1937

Biography

Müslüm Məhəmməd oğlu Maqomayev Qroznıda anadan olub. Əslən Qax rayonunun İlisu kəndindəndir. Qroznıda, sonra isə Tiflisdəki Qori Müəllimlər Seminariyasında təhsil alıb. Seminariyada skripkada, qaboyda çalmağı öyrənib, bəzən məktəbin orkestrində dirijoru əvəz edib. Şimali Qafqazda, Lənkəranda müəllimlik etdikdən sonra Üzeyir bəyin məsləhəti ilə Bakıya gəlib. Dostunun yaratdığı teatr truppasının rəhbəri olub. İlk iri həcmli musiqi əsəri 1916-cı ildə yazdığı “Şah İsmayıl” operasıdır. Yaradıcılıq irsinə “Nərgiz” operası, “Azərbaycan çöllərində”, “Azad olunmuş Azərbaycan qadınının rəqsi”, “Dərviş”, “Şəlalə”, radio marşı kimi simfonik əsərləri, “Ceyranı”, “Turacı”, “Çeçen rəqsi” oyun havaları, “Bahar”, “Bizim kənd”, “Mazut ordusu” mahnıları daxildir. Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “1905-ci ildə” tamaşalarına musiqi bəstələyib. Üzeyir Hacıbəyli ilə birgə “Azərbaycan türk el nəğmələri” məcmuəsini tərtib edib, 300-dən artıq Azərbaycan xalq mahnı və rəqs havalarını nota alıb. 1920-1930-cu illərdə maarif kоmissarlığında işləyib. Bakı radiosunun musiqi rəhbəri olub. Onun təşəbbüsü ilə radioda “Çahargah gecəsi” adlı muğam konserti təşkil olunmuşdu. Həmin dövrdə Azərbaycan radiosu öz efirini Müslüm Maqomayevin radio marşı ilə açırdı. Оpera Teatrının direktоru, bədii rəhbəri və baş dirijоru vəzifələrində çalışıb. Əməkdar incəsənət хadimi (1936) Müslüm Maqоmayev 1937-ci ildə Nalçikdə vəfat edib, Bakıda Fəxri xiyabanda dəfn olunub.

Bəstəkar Müslüm Maqomayev (II) kino rəssamı Məhəmməd Maqomayevin atasıdır.

Bəstəkar Müslüm Maqomayev (II) bəstəkar, müğənni Müslüm Maqomayevin babasıdır.

 

x