Mirbala Səlimli

rejissor

Personal Info

  • Doğum tarixi: 05.04.1963

Biography

Mirbala Seyidəsgər oğlu Səlimli Hacıqabulda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsində (1985), B.Şukin adına Moskva Ali Teatr Məktəbinin teatr rejissorluğu fakültəsində (1995), Moskva Ali Ssenaristlər və Rejissorlar kursunun kino rejissorluğu fakültəsində (2001, Aleksey German, S.Karmalitanın emalatxanası) təhsil alıb. Avanti proqramı (2003-2004, İsveçrə) çərçivəsində rejissor Ksiştof Zanussi (Polşa) və kinodramaturq D.Benkedən (Almaniya), İFA-SC proqramı (2006-2007, İsveçrə) çərçivəsində kinodramaturq Kler Daunzdan (Böyük Britaniya) ustad dərsləri alıb. S.Rəhman adına Şəki Dövlət Dram Teatrında aktyor, rejissor və baş rejissor vəzifələrində çalışıb, 20-dən çox tamaşaya quruluş verib (1985-2007).

“Mir iskusstva” Yaradıcılıq Birliyində (Moskva) operator kimi 15-ə qədər sənədli film çəkib (“Vəsiyyət” (2000), “Mayakovskinin şən ili” (2003), “Petrov-Vodkinin oğulları” (2003), “Anastasiya Svetayevanın sonuncu günü” (2004), “3 tac qoyma mərasiminin marşalı” (2005), “Arxangelsk” (2005), “Avropanın oğurlanması” (2005), “Çarodey Daniil Xarms” (2005), “Sağ Mayakovski” (2005), “Sergey Yesenin” (2005), “Boris Zaysevin zaman çayı” (2006), “İkiqat ulduz” (2006), “Natürmortun kralı İlya Maşkov” (2006), “Kulbin – Rus futurizminin babası” (2008)).

Tədris işi kimi “İnsan və milçək” filmini çəkib (1999). Rusiya istehsalı olan “Xüsusi müqavimət təcrübəsi” (2006) sənədli filmində operator, “Moskvanın heykəltəraşlıq salnaməsi” (2006), “Olviya – Xoşbəxtlik misteriyası” (2010) sənədli filmlərində rejissor və operator, “Allah olmaq çətindir” (2013, rejissor Aleksey German) filmində təcrübəçi rejissor kimi çalışıb. Jan Batist Molyerin “Xəsis” komediyasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb (2009). Əməkdar incəsənət xadimidir (2012).

 

x