Marat Haqverdiyev

yazıçı

Personal Info

  • Doğum tarixi: 21.07.1938

Biography

Marat Xanlar oğlu Haqverdiyev Bakıda anadan olub. Atası Azərbaycan və Türkmənistanın Əməkdar artisti Xanlar Haqverdiyev opera müğənnisi, aktyor, anası Cahan Əfruz (Dilanova) isə şairə-dramaturq olub. İki sənətkarın əhatəsində böyüyən Marat uşaqlıqdan rəssamlığa maraq göstərsə də, orta məktəbi bitirərkən memar olmağı qərara alıb. Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakültəsində təhsil alıb (1956-1961). Tələbəlik illərində institutun xalq çalğı alətləri ansamblı və estrada orkestrinin solisti kimi sovet respublikalarında qastrol səfərlərində olub. Təhsilini başa vurduqdan sonra qısa müddətdə tikinti sahəsində çalışıb. Ömrünün təxminən 40 ilini isə Mədəniyyət Nazirliyinin nəzdində Tarix və Mədəniyyət Abidələrinin Bərpası İdarəsində müxtəlif vəzifələrdə işləyib. Tarix və mədəniyyət abidələrinin, o cümlədən Akademik Opera və Balet Teatrı, Rəşid Behbudov adına Mahnı Teatrı, muzeylər, məscidlər, mədrəsələr, qala və türbələrin bərpası ilə məşğul olub. 1970-ci illərdə ədəbiyyata tərcüməçi kimi gələn yazıçı anası Cahan Əfruzun (Dilanova) əsərlərini – şeirlərini, poemalarını rus dilinə çevirib. Anası dünyasını dəyişəndən sonra qərara gəlir ki, onun yolunu davam etdirsin. İlk dram əsəri “Ailədə məhkəmə” komediyası Lənkəran Dövlət Dram Teatrında səhnəyə qoyulub. Rejissor Mərahim Fərzəlibəyov Gənc Tamaşaçılar Teatrında “Məhəbbət, şeytan və lambada” və “Məşuqələr” pyeslərini, Milli Dram Teatrının səhnəsində “Ah, qadınlar, qadınlar”, “Qısqanc ürəklər” komediyalarını tamaşaya qoyub. “Fədakarlıq”, “Sənsiz yaşaya bilmərəm”, “Məhəbbət əzabları”, “Məhəbbət yaşa baxmır” və başqa pyesləri müxtəlif teatrlarda səhnələşdirilib. “Qısqanc ürəklər” və “Ah, qadınlar, qadınlar” əsərləri Türkiyə səhnələrində də nümayiş olunub. Əməkdar mədəniyyət işçisidir (2018).

 

x