Məmməd İsmayıl

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 01.11.1939

Biography

Məmməd Mürşüd oğlu İsmayıl Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində (1964) və Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunda (1975) təhsil alıb. Bakı Baş Tikinti idarəsində fəhlə (1958-1960), Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində klub müdiri (1960-1964), Tovuz rayon Partiya komitəsində statist (1964-1965), Qazax rayonlararası “Qalibiyyət bayrağı” qəzetində korrektor (1965-1966), Bakıda fəhlə yataqxanasında baş tərbiyəçi (1966), Azərbaycan Dövlət Radio və Televiziya komitəsində redaktor, böyük redaktor, şöbə müdiri (1966-1973), “Ədəbiyyat və incəsənət” qəzetində müxbir (1975-1976), Cəfər Cabbarlı adına “Azərbaycanfilm” studiyasının elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor (1976-1980), “Yazıçı” nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini (1980-1983), “İşıq” nəşriyyatının direktoru (1983-1987), Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika “Gənclik Ədəbi Birliyi”nin rəhbəri (1983-1992), “Gənclik-Molodost” jurnallarının baş redaktoru (1988-1992), Tovuzda “Oğuz” (Sonralar “Tovuz”) xeyriyyə  cəmiyyətinin sədri (1988-1993) olub. Xalq hərəkatında iştirak edib və “Demokratik Qüvvələr Birliyi”nin həmsədri kimi fəaliyyət göstərib (1989-1993). Azərbaycan Televiziya və Radio Verilişləri şirkətinin sədri (1992-1993) vəzifəsində çalışıb. Türkiyədə “TİKA” və “Türk Dil Kurumu”nun ortaq sözlük layihəsində ekspert kimi işləyib (1995-1996). 1996-cı ildən Türkiyənin Çanaqqala “On Sekkis Mart” Universitetində pedaqoji fəaliyyət göstərir. Filologiya elmləri namizədi elmi dərəcəsi alıb (1998).

14 yaşından bədii yaradıcılıqla məşğuldur. İlk şeiri 1956-cı ildə rayon qəzetində çap olunub. “Ana əlləri”, “Söz vaxtına çəkər”, “Bəxtimə düşən gün”, “Hələ yaşamağa dəyər”, “Aman təklik əlindən” adlı kitabların müəllifidir. Əsərləri 50-dən çox dünya xalqlarının dilinə tərcümə edilən şair, müxtəlif ölkələrin sənətkarlarının bir çox əsərini tərcümə edərək Azərbaycan və Türk dilində çap etdirib. Azərbaycan televiziyası tarixində ilk milli proqram olan “Odlar diyarı” silsilə verilişlərə görə Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən televiziya tarixində ilk dəfə “Qızıl qələm” mükafatına layiq görülüb (1969).

 

x