Məlik Dadaşov

aktyor

Personal Info

  • Doğum tarixi: 07.06.1924
  • Vəfat tarixi: 02.12.1996

Biography

Məlik Yusif oğlu Dadaşov Bakıda anadan olub. Neft sənayeçisi olan atası Nobellə birlikdə işləyib. Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Təhsilini davam etdirmək məqsədilə Moskva Konservatoriyasına daxil olmağı qərara alıb. Lakin müharibənin başlaması bu arzusunu yarıda qoyub. Müharibədə kontuziya alıb. 1943-cü ildə müalicəsini başa çatdıraraq hərbi hissələrdə musiqiçi kimi xidmət göstərib. Ordudan tərxis olunduqdan sonra Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. Bir müddət sonra yeni açılmış Zaqatala Dövlət Teatrına (1944-1945), oradan da Şəmkir Rayon Teatrına (1945-1946) göndərilib. Daha sonra Azərbaycan Teatr İnstitutunda təhsil alıb (1947-1951, Adil İsgəndərovun kursu). Eyni zamanda Filarmoniyanın mahnı və rəqs ansamblına rəqqas kimi daxil olub (1947-1949). 1950-ci ildən Dram Teatrında çalışıb. Səhnədə ilk rolu “Məlikməmməd” tamaşasında Sirac olub. Bir müddət Rus Dram Teatrında işləyib (1989-1991). Teatr rejissorluğu sahəsində də özünü sınayıb və “Nişanlı qız” tamaşasını səhnəyə qoyub.

Xarici film istehsalçılarının “Təyyarələr enmədi” (1963, rejissor Zahid Sabitov / Özbəkistan) filmində Yəhya rolunda, “Dmitri Kantemir” (1973, rejissorlar Vladimir İoviça, Vitali Kalaşnikov / Moldova) filmində vəzir Baltaçı Mehmed Paşa rolunda, “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin / Belarus) filmində Xamis rolunda çəkilib.

1980-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyib. Xalq artisti (1974), Dövlət mükafatı laureatı Məlik Dadaşov 1996-cı ildə vəfat edib.

Aktyor Məlik Dadaşov aktrisa Sofiya Hüseynovanın həyat yoldaşı olub.

Aktyor Məlik Dadaşov aktyor Rafael Dadaşovun atasıdır.

Aktyor Məlik Dadaşov aktyor Salman Dadaşovun qardaşıdır.

 

 

 

 

 

x