Kazım Ziya

aktyor

Personal Info

  • Doğum tarixi: 21.03.1896
  • Vəfat tarixi: 20.11.1956

Biography

Kazım Cəfər oğlu Ziya (Kazım Kazımzadə) Ordubadın Yuxarı Əylis kəndində anadan olub. Yeniyetmə yaşlarından ərəb və fars dillərini, sonralar rus və fransız dillərini də mənimsəyib. 1911-ci ildə əmisi Hüseynin ailəsi ilə Bakıya köçüb. 1912-ci ildə “İttihad” İran gimnaziyasına daxil olub. Bir il sonra məktəbdə ədəbiyyat dərnəyi yaradıb. 1914-cü ildə Hüseyn Ərəblinski başda olmaqla teatr fədailəri “İttihad” məktəbində şagirdlərin nəfinə (xeyrinə) “Bəxtsiz cavan” (Əbdürrəhim bəy Haqverdiyev) faciəsinin tamaşasını göstəriblər. Həmin vaxtdan müxtəlif teatr dəstələrində çıxış edib. Milli Dram Teatrının tamaşalarında fəal iştirak etsə də, truppanın ştatına 1922-ci ildə götürülüb. Naxçıvanda dövlət teatrının formalaşmasında iştirak edib. 1925-ci ildə yenidən Bakıya qayıdaraq Bakı Türk İşçi və Kəndli Teatrının truppasına daxil olub. Bakı Türk İşçi Teatrı 1933-cü ildə Gəncəyə köçəndə doğma kollektivdən ayrılmayıb. 1936-cı ildən 1938-ci ilədək Tiflisdə və İrəvandakı dövlət teatrlarında aktyorluq edib. 1938-ci ildə Bakıya gələrək Milli Dram Teatrının truppasına daxil olub. “Şərqin səhəri” (Ənvər Məmmədxanlı) tamaşasının yaradıcı heyəti ilə birgə Tomson roluna görə Stalin mükafatı laureatı olub (1948). Bədii qiraət ustası kimi də tanınıb. Milli səhnə dilini sistemə salmış ilk azərbaycanlı teatr xadimidir. Bədii özfəaliyyətin inkişafında xidməti var. 1939-cu ildən Bakı Teatr Texnikumunda dərs deyib. “Səhnə dili” adlı əsəri var. Xalq artisti (1943), SSRİ dövlət mükafatı laureatı (1948) Kazım Ziya 1956-cı ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

x