Kamal Yaşar

rejissor, aktyor

Personal Info

  • Doğum tarixi: 02.08.1984

Biography

Kamal Yaşar (Kamal Məmmədov Yaşar oğlu) Gəncədə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisası üzrə bakalavr və magistr təhsili alıb (2011-2017). Bakı Film İnstitutunun ilk məzunlarındandır (2012). Region TV-nin Mədəniyyət departamentində (2011-2017, indiki ARB TV), ANS TV-nin dublyaj redaksiyasında (2015-2016) çalışıb. 2017-ci ildən tvseans.com kino platformasının dublyaj redaksiyasıyla əməkdaşlıq edir.

Dövri mətbuatda davamlı olaraq yazıları dərc olunur. Film və teatr tamaşaları haqqında çoxsaylı resenziyaların müəllifidir. 2017-ci ildə VII Avropa Filmləri Festivalı Kinoresenziya Müsabiqəsinin qalibi və ali mükafatçı kimi 67-ci Berlin Film Festivalında iştirak edib. Əcnəbi kino mütəxəssislərinin ustad dərslərində prodüserlik kursları (Zeyneb Özbatur Atakan) və ssenari təlimlərinin (Pol Freyzer) iştirakçısı olub.

2018-ci ildən etibarən “Audiokitab” layihəsinin heyət üzvüdür. Layihə çərçivəsində yerli müəlliflərdən və dünya ədəbiyyatından bir çox yazıçıların romanlarını səsləndirib. Layihə, hazırda da mobil tətbiq kimi “Audiokitab MMC” olaraq fəaliyyət göstərir.

“Dönüş” adlı buktreylerin ssenari müəllifi və rejissorudur (2017).

2018-ci ildə mövsüm boyunca sifariş əsasında bir televiziya kanalı üçün uşaq verilişi istehsal edib və rəhbərlik etdiyi həmin layihədə də quruluşçu rejissor kimi çalışıb.

2019-cu ildə Antenn FM radiosunda “Canlı kitab” sosial layihəsini təsis edib. Layihədə müəllif və aparıcı kimi fəaliyyət göstərib. Layihə çərçivəsində həftəiçi beş gün radioefirdə canlı olaraq yerli və dünya xalqları ədəbiyyatından çoxsaylı hekayələr səsləndirib və həftəsonları efirində ədəbiyyat mütəxəssisi olan qonaqlarla canlı müzakirələr aparıb.

2019-ci ildən etibarən “WOW School+” tədris mərkəzində Nitq/Diksiya müəllimi kimi fəaliyyət göstərməkdədir.

2020-ci ildə Mədəniyyət kanalında müəllif və aparıcı kimi “Kinokitab” layihəsinə start verib.

Hazırda televiziya, teatr, kino, reklam layihələrində fəaliyyətini davam etdirir. Aktyor və rejissor olaraq dublyaj və mətn səsləndirməsi fəaliyyəti ilə məşğuldur.

 

x