İmir Məmmədli

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 07.08.1957

Biography

İmir Məmməd oğlu Məmmədli Gürcüstanın Kaspi rayonunda anadan olub. 1980-ci illərdə Tbilisiyə köçüb. Tbilisi Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb (1975-1980). 1985-ci ildə Gürcüstan Dövlət Teleradio Yayımları Komitəsində jurnalist kimi əmək fəaliyyətinə başlayıb. Gürcüstan Yazıçılar İttifaqında, “Sovet Gürcüstanı” qəzeti redaksiyasında çalışıb. 1990-cı illərin sonlarında Gürcüstan dövlət başçısı aparatında məsləhətçi, müşavir (1992-1996), Gürcüstan Dövlət Dəftərxanasında millətlərarası münasibətlər üzrə referent (1996-2000) olub, Gürcüstan Prezidenti Regional Siyasət və İdarəetmə Xidmətinin rəis müavini vəzifəsinə qədər yüksəlib. Uzun müddət İctimai Televiziya və Radio Yayımları Şirkətində radionun “Ədəbiyyat və İncəsənət” departamentinin direktoru vəzifəsində çalışıb (2005-2018). Poeziya yaradıcılığına məktəb illərindən başlayıb. Dörd pyesi tamaşaya qoyulub: “Açar” (Gənclər Teatrı, 1997, rejissor: Hüseynağa Atakişiyev), “İşıq tozu” (İrəvan Dram Teatrı, 2000, rejissor: Bəhram Osmanov), “Çarə” (2009, rejissor Intiqam Sultan), “Oğru-doğru” (rejissor Sərvər Əliyev). Elmi yaradıcılıq və tərcümə işləri ilə də məşğul olub. 9 kitab müəllifidir. Şota Rüstavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərini gürcü dilindən Azərbaycan dilinə uğurlu tərcümə etdiyinə görə Gürcüstanın Dövlət mükafatına layiq görülüb. “Müasir azərbaycan nəsrinin antologiyası”, Afaq Məsudun seçilmiş əsərlərini, həmçinin Məhəmməd Peyğəmbərin kəlamlarını, Yunus İmrənin, Aşıq Ələsgərin və başqa ədiblərin əsərlərini gürcü dilinə tərcümə edib. Türkiyədə ssenarisi əsasında “Xoruz Bayram” filmi çəkilib (2018, rejissor Mustafa Diyar Demirsoy).

Gürcüstanın “Şərəf” Ordeni (1998) və Gürcüstan Yazıçılar İttifaqının “Maçabeli” Dövlət mükafatına (1997), “Ugart” ədəbi mükafatına layiq görülüb.

 

x