İlqar Fəhmi

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 18.08.1975

Biography

İlqar Fəhmi (İlqar Paşayev Əli-Abbas oğlu) Bakının Zirə kəndində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində (1992-1996), Belarus Dövlət İqtisad Universitetində təhsil alıb.

1995-ci ildən bədii yaradıcılıqla məşğul “Sənli sözüm gəldi sənə”, “Ölüm gözəldi, yoxsa sən?”şeirləri, “Çənlibel tülküsü”, “Qarğa yuvası”, “Kölgəboğanlar”, “Akvarium”, “Aktrisa” romanları, “Karmen” povesti, “Bakı tarixindən kollaj” bədii-publisistik kitabı əsərlərindən bəziləridir. Müxtəlif ədəbi əsərlərdən ibarət 20-ə yaxın kitabı dərc edilib.  Əsərləri müxtəlif xarici ölkələrdə nəşr edilib.

Bir neçə pyesi ölkə teatrlarında səhnələşdirilib: “Axırıncı qatar” (rejissor Cənnət Səlimova), “Son reportaj” (rejissor Bəhram Osmanov), “Mənəm mən Nəsimi” (rejissor Mehriban Ələkbərzadə).

2014-cü ildən Azərbaycan televiziyasında yayımlanan “Məclisi-Üns” ədəbi verilişinin aparıcı-redaktorudur. 2017-ci ildən Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Muğam” televiziya müsabiqəsinin münsiflər heyətinin üzvü, 2019-cu ildən isə layihənin icraçı direktorudur.

Gənclər, İdman və Turizm nazirliyinin “İlin ən yaxşı gənc şairi” mükafatına (2003), “Rəsul Rza” ədəbi mükafatına (2007), “Debütlərin birliyi” Beynəlxalq mükafatının “Poetik ifadənin sanbalına görə” xüsusi diplomuna (2008), “Humay” mükafatına (2011, “Bakı tarixindən kollaj” əsərinə görə) layiq görülüb.

Uzun illər “Ulduz” jurnalında işləyib. Bir müddət Xəzər Universitetində “Creative Writing” (Yaradıcı yazı) fənnindən dərs deyib.

Hazırda Azərbaycan Yazıçılar Birliyinin (AYB) Yaradıcılıq məsələləri üzrə katibidir.

 

x