Hüseyn Cavid

əsərindən istifadə olunub

Personal Info

  • Doğum tarixi: 24.10.1882
  • Vəfat tarixi: 05.12.1941

Biography

Hüseyn Cavid (Hüseyn Rasizadə Abdulla oğlu) Naxçıvanın indiki Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində alıb (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olub, Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin Ədəbiyyat şöbəsindən məzun olub (1909). Naxçıvan, Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib. Lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifinin “Keçmiş günlər” adlı ilk şeir kitabı 1913-cü ildə çap olunub. Daha çox dramaturq kimi tanınıb. Fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da təsir göstərib. 1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlərlə qayıdıb. “Peyğəmbər” (1922), “Topal Teymur” (1925), “Səyavuş” (1933), “Xəyyam” (1935), “İblis” və s. dramların müəllifi 1937-ci ildə Sibirə sürgün olunub. 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində dünyasını dəyişib. 1956-cı ildə Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə bəraət verilib. Heydər Əliyevin göstərişi ilə nəşi 1982-ci il oktyabrın 26-da Naxçıvana gətirilib, evinin qarşısında dəfn olunub.

Dramaturq Hüseyn Cavid bəstəkar Ərtoğrul Cavidin və teatrşünas Turan Cavidin atasıdır.

 

x