Hidayət Orucov

ssenari müəllifi

Biography

Hidayət Xuduş oğlu Orucov Qərbi Azərbaycanda Mehri rayonunun (Zəngəzurun Mığrı bölgəsinin) Maralzəmi kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb (1963-1968). Əmək fəaliyyətinə Mehri rayonundakı Maralzəmi kənd ibtidai məktəbin müdiri kimi başlayıb (1964-1968). “Sovet Ermənistanı” redaksiyasında ədəbi işçi (1966-1968), Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının direktoru (1968-1984), “Gənclik” nəşriyyatının baş redaktor müavini (1984-1986), baş redaktoru (1986-1992) vəzifələrində işləyib. Ermənistan Yazıçılar İttifaqında idarə heyətinin üzvü və Azərbaycan ədəbiyyatı dərnəyinin sədri (1980-1984), Ermənistan Teatr Cəmiyyəti idarə heyətinin üzvü (1974-1984) olub. Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri (1992-1993), milli siyasət məsələləri üzrə dövlət müşaviri (1993-2005), Milli Azlıqlarla və Dini Qurumlarla İş üzrə Dövlət müşaviri (2005-2006), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2006-2012) olub. 2012-ci ildən Qırğızıstan Respublikasında fövqəladə və səlahiyyətli səfir olaraq çalışır.

“Nəyin var?” adlı ilk şeiri “Ədəbi Ermənistan” almanaxında (1963) dərc olunub. O vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. Poetik yaradıcılıqla bərabər bədii tərcüməyə də xüsusi diqqət verir. Bir çox klassik və müasir yazıçıların əsərlərini, V.Şekspirin “Yaxşı qurtaran iş yaxşıdır” pyesini, H.Biçer Stounun “Tom dayının koması” romanını dilimizə çevirib. “Məhəbbət yaşayır hələ”, “Məni qınamayın”, “Mənzil əhvalatı” pyesləri Bakı, Yerevan, Naxçıvan, Ağdam və digər teatr səhnələrində oynanıb. 1989-cu ildə erməni təcavüzünə etiraz əlaməti olaraq Ermənistan Əməkdar mədəniyyət xadimi fəxri adından imtina edib.

“Şöhrət” ordeni (2004), Gürcüstan və Dağıstanın “Ləyaqət” ordeni ilə təltif olunub. Çuvaşıstan Respublikasının ali ədəbi mükafatı – Paydulla İskeyev adına Çuvaş Beynəlxalq Ədəbi Mükafatı laureatıdır. “Şöhrət” ordeni ilə təltif olunub (2004). Əməkdar incəsənət xadimidir (1991).

 

x