Fərhad Ağamalıyev

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 10.01.1946
  • Vəfat tarixi: 18.09.2012

Biography

Fərhad Mütəllim oğlu Ağamalıyev Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb (1979). Çoxsaylı kitabın, ssenarilərin, dram əsərlərinin müəllifidir. Ssenariləri əsasında Bakıda, Moskvada, Sverdlovskda və Minskdə sənədli ekran əsərləri çəkilib. “Ox və hədəf” pyesi Bakıda səhnələşdirilib. Doğma yurdan kənarda olmasına baxmayaraq, onun peşəkar fəaliyyətinin qayəsini Azərbaycan mövzusu təşkil edib. Bir müddət Moskvada “Sovetskaya Kultura” qəzetində məsul vəzifələrdə çalışıb. Hələ 1987-ci ildə “Sovet mədəniyyəti” kimi partiya mətbuatında işləyərkən Gəncənin adının özünə qaytarılması təşəbbüsü ilə çıxış edərək cəsarətli addım atıb. Buna görə ciddi təzyiqə məruz qalsa da, öz yolundan dönməyib. Jurnalistin birbaşa təşəbbüsü ilə Moskvada Azərbaycanla bağlı “Panorama Azerbaydjana” adlı ilk rusdilli qəzet işıq üzü görüb. Məhz həmin nəşrin səhifələrində yenicə qızışmaqda olan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlar öz əksini tapıb. “Sovet mədəniyyəti” qəzetinin kino şərhçisi, yaradıcısı olduğu “Panorama Azerbaydjana” qəzetinin, həmçinin “Şərq ekspresi” jurnalının baş redaktoru kimi çalışıb. Azərbaycanın Rusiyadakı səfirliyində mətbuat attaşesi (1993-2003), səfirliyin birinci katibi vəzifəsində çalışıb. “Baku” jurnalı ilə əməkdaşlıq edib, bu jurnalda “Bakinstvo” rubrikasının təsisçisi və aparıcısı olub. Fərhad Ağamalıyev 2012-ci ildə Moskvada vəfat edib.

 

x