Cahangir Novruzov

aktyor

Personal Info

  • Doğum tarixi: 31.07.1954

Biography

Cahangir Mütəllib oğlu Novruzov Bakıda anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1971-1976, Mehdi Məmmədovun kursu). Diplom işini Musiqili Komediya Teatrının səhnəsində G.Xudayevin “Sevgilimin anası” operettasını hazırlayaraq müdafiə edib. Eyni ildə təyinat alaraq həmin teatrda çalışmağa başlayıb. 1979-cu ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib. Bu teatrın səhnəsində həm də aktyor kimi bir çox rollar oynayıb. 1981-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyinin Mədəniyyət adamlarını təkminləşdirmə İnstitutunun rəhbər işçilər fakültəsinə qəbul olunub və eyni zamanda da Moskva Malaya Bronnaya Teatrında A.Efrosun rəhbərliyi altında staj keçməyə başlayıb. İki il ərzində bir çox əsərlərin quruluşlarında A.Efrosa assistentlik edib. 1983-cü ildə Moskvadakı təhsilini bitirərək Şəki Teatrına qayıdıb. 1984-cü ildə SSRİ xalq artisti professor G.Tovstonoqovun yaradıcı laboratoriyasına qəbul olunub və hər il iki dəfə olmaq üzrə Peterburqda 1988-ci ilə qədər çalışmalarda iştirak edib. 1985-ci ildə Şəki teatrına baş rejissor vəzifəsinə təyin olunub. 1987-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi M.F.Axundovun 175 illik yubileyinə həsr olunmuş teatr festivalında hazırladığı “Müsyö Jordan və Dərviş Məstəli şah” əsəriylə birincilik mükafatını qazanıb. 1989-cu ildə Musiqili Komediya Teatrına baş rejissor vəzifəsinə təyin olunub. 1990-cı ildə Gənc Tamaşaçılar Teatrının rus bölməsinə baş rejissor olaraq təyin olunub. 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi “I Mono tamaşalar festivalında” Şekspirin “Hamlet” əsəri motivləri əsasında hazırlanmış “Olum ya ölüm” tamaşası ilə birincilik mükafatı qazanıb. 1995-ci ildə dərs demək üçün Türkiyə Cumhuriyyətinə dəvət olunub. Hazırda Türkiyənin Adana şəhərində Çukurova Universitetinin Dövlət Konservatoriyasının səhnə sənətləri kafedrasının professorudur. TÜRKSOY-un 20 illiyi” yubiley medalı (2014), TÜRKSOY-un “Haldun Taner” mükafatı (2015), Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin “Qazaxıstanın Fəxri Mədəniyyət Xadimi” medalı (2016) ilə təltif olunub. Əməkdar incəsənət xadimi (2011), Xalq artistidir (2018).

Aktyor, rejissor Cahangir Novruzov aktrisa Nəsibə Zeynalovanın oğludur.

 

 

x