Cahangir Mehdiyev

rejissor

Personal Info

  • Doğum tarixi: 13.01.1951

Biography

Cahangir Yaqub oğlu Mehdiyev (Cahangir Mehdi) Bakıda anadan olub. 12 saylı musiqi məktəbində, M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram teatrı və televiziya rejissorluğu fakültəsində (1968-1973, Mehdi Məmmədovun sinfi), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində (1974-1979, Georgi Daneliyanın emalatxanası) təhsil alıb.

Sənətdə ilk addımlarını 6 yaşında ikən Lətif Səfərovun “Bakı və bakılılar” filmində atıb.

Diplom işi kimi Azərbaycan Milli Akademik Dram Teatrında “Sevgi, sevgi” teatr tamaşasına və Azərbaycan Dövlət Televizya və Radio Verilişləri Şirkətinin Ədəbi dram, incəsənət redaksiyasında “Yumoristik novellalar” adlı televiziya tamaşasına quruluş verib (1973).

“Diplom işi” adlı qısametrajlı bədii filmi Cexoslovakiyanın Karlovı-Varı, Almanyanın Oberxauzen, Manheym və İspanyanın Bilbao şəhərlərində keçirilən kinofestivallarda nümayiş etdirilib, mükafatlara və diplomlara layiq görülüb. “Mosfilm” kinostudiyasında keçirilən 11-ci Beynəlxalq Kinofestivalda “Vax!” kinokomediyası “Ən yaxşı rejissor işinə görə”, Minsk şəhərindəki kinofestivalda isə “Ən yaxşı komediya işinə görə” mükafat alıb (1980).

Bakıda Lenin meydanında keçirilən Azərbaycan SSR-in 60 illik yubileyinə həsr olunmuş bədi-kütləvi meydan tamaşasının quruluşçu rejissoru olub (1980).

“Azərbaycanfilm” kinostudiyasında rejissor, quruluşçu rejissor, ssenarist və aktyor kimi işləyib (1979-1990). Azərbaycan Respublikası Mədəniyyət Fondunun icraçı direktoru (1990-1995), Boulinq Federasiyasının vitse-prezidenti (1998-2007), “Mozalan” studiyasının direktoru və bədii rəhbəri olub (1998-2007). Bir müddət Lider televiziyasında çalışıb, “Sağlam bədəndə sağlam ruh” adlı silsilə televizya idman və bədən tərbiyəsi verilişinin rejissoru, aparıcısı və müəllifi olub (2001-2005). Azərbaycan Televizya və Radio verilişləri QSC-də (Azərbaycantelefilm Yaradıcılıq Birliyində) ali kateqoriyalı rejissor kimi fəaliyyət göstərib (2007-2016). 2011-ci ildən Azərbaycan Respublikası Milli Olimpya Komitəsində çəkiliş qrupunun rəhbəri kimi çalışır.

Xarici film istehsalçılarının “Azadlıq şirin sözdür” (1972, rejissor Vitautas Jalakyaviçyus / Rusiya, Litva) və “Afonya” (1975, rejissor Georgi Daneliya / Rusiya) filmlərində çəkilib.

Əməkdar incəsənət xadimi (2000), Əməkdar məşqçidir (1998).

Rejissor Cahangir Mehdiyev rejissor Elnur Mehdiyevin atasıdır.

 

x