Cahangir Cahangirov

bəstəkar

Personal Info

  • Doğum tarixi: 20.06.1921
  • Vəfat tarixi: 25.03.1992

Biography

Cahangir Şirgəşt oğlu Cahangirov Bakının Balaxanı qəsəbəsində anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (1951, B.Zeydmanın bəstəkarlıq sinfi) təhsil alıb. Xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. 1949-cu ildən başlayaraq Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edib, 15 ildən artıq bu kollektivlə işləyib. Mahnılarının çoxu ilk dəfə bu kollektivin ifasında səslənib. Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. Yaradıcılığı çoxşaxəliyi ilə seçilir. Xor və instrumental musiqiləri, operaları, mahnıları var. Bunlara misal olaraq xor musiqisi sahəsindəki əsərlərindən “Arazın o tayında” poemasını, 12 hissədən ibarət “Dostluq mahnısı” kompozisiyasını, “Azad” və “Xanəndənin taleyi” operalarının xor nömrələrini, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantatalarını, “Sabir” oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar. “Füzuli” kantatası ona şöhrət gətirib. Əməkdar incəsənət xadimi (1958), Xalq artisti (1963), SSRİ dövlət mükafatı laureatı (1950) Cahangir Cahangirov 1992-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

 

x