Cəlil Cavanşir

ssenari müəllifi

Biography

Cəlil Cavanşir (Cəlil Hacıyev Cavanşir oğlu) Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin Alman dili ixtisasında təhsil alıb (2004-2008).

Tələbəlik illərindən jurnalistika fəaliyyətinə başlayıb, müxtəlif mətbu orqanlarda çalışıb, “Töhfə”, “Türküstan”, “Vətəndaş həmrəyliyi” qəzetləri, “Alatoran”, “Molla Nəsrəddin dünyası”, “Yurddan səslər”, “Pirsultan”, “Doqquz iqlim”, “Ənvər Paşa” dərgiləri ilə əməkdaşlıq edib.

“Palma” ədəbi-bədii tərcümə jurnalının və “Region xəbər” qəzetinin təsisçisi olub.

Bir müddət folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı ilə birlikdə folklor araşdırmaları ilə məşğul olub, eyni zamanda türk və alman dillərindən bədii tərcümələr edib (2007-2011).

doqquziklim.net elektron ədəbiyyat dərgisini təsis edib və ona rəhbərlik edib (2009-2010).

“Mərkəz” qəzetində fəaliyyətə başlayıb və qəzetin ədəbiyyat səhifəsini hazırlayıb (2011). “Ədalət” və “Gündəlik teleqraf” qəzetləri və Publika.az xəbər portalı ilə əməkdaşlıq edib, “Publika Art” layihəsində redaktor olaraq çalışıb (2012).

“Qanun” Nəşrlər Evində “Azərbaycan ədəbiyyatı” şöbəsinin baş redaktoru, “Hədəf” Nəşrlərinin baş redaktoru və tərcüməçisi vəzifəsində işləyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mütəxəsisi vəzifəsində fəaliyyət göstərib (2015-2019).

“TEAS press” Nəşriyyatı ilə tərcüməçi və redaktor kimi əməkdaşlıq edir (2017-ci ildən).

10-dan çox kitabı nəşr olunub. Bir çox tərcümələri ilə birlikdə, Robert MakKinin ssenari yazarlığı haqqında olan “Hekayə” kitabını azərbaycan dilinə tərcümə edib (2021).

2020-ci ildən Mucru.art saytının baş redaktoru, “Sputnik-Azərbaycan”ın köşə yazarıdır.

Şeirləri ingilis, alman, özbək, rus və fars dillərinə tərcümə olunub. II Nəsimi Ədəbiyyat Müsabiqəsində şeir nominasiyasında II yer tutub (2010).

 

x