Böyükağa Məmmədov

rejissor, prodüser

Personal Info

  • Doğum tarixi: 03.07.1951

Biography

Böyükağa Zeynal oğlu Məmmədov Bakıda anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Təyinatla Rusiya Federasiyasının Omsk vilayətinə gedib, bir-neçə il Omsk şəhərinin televiziyasında rejissor işləyib. 1976-cı ildə vətənə dönüb Azərbaycan Dövlət Teleradio Komitəsində rejissor vəzifəsində çalışmağa başlayıb. Bu zaman SSRİ Mərkəzi Dövlət Teleradio Komitəsinin sifarişi ilə çəkilmiş müxtəlif sənədli filmlərin rejissoru olub. Respublikada birinci müstəqil studiyalardan sayılan, 1991-ci ildə təsis edilmiş “215 KL” eksperimental studiyasının yaradıcılarından biri olub. 1994-cü ildə studiyanın idarə heyətinin sədri seçilib. Burada çəkilən “Qayıdış” çoxseriyalı sənədli filmindəki rejissor işinə görə o, Azərbaycan Respublikasının “Araz” Dövlət mükafatına layiq görülüb. 1997-ci ildə “Space” Müstəqil Televiziya kanalının yaradılmasında iştirak edib, telekanala icraçı direktor kimi rəhbərlik edib. Bu müddət ərzində bir çox filmlərin və proqramların prodüseri olub. 1998-ci ildə onun prodüserliyi ilə Heydər Əliyevin 75 illik yubileyinə həsr olunan, Amerikan “Hollivud” media şirkəti və Azərbaycan “Space” Müstəqil Televiziyasının birgə istehsal etdiyi “Ömür və tale” adlı beş seriyalı sənədli film çəkilib. “Space” telekanalının yaradılmasında roluna görə Azərbaycan Jurnalistlər İttifaqının “Zərdabi” mükafatına layiq görülüb. 2000-ci ildə “215 KL” müstəqil televiziya şirkətinə qayıdaraq burada yeni sənədli filmlərə prodüserlik edib. 2009-2014-cü illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” sənədli filmlər studiyasının direktoru vəzifəsində işləyib. Hazırda “Kultura Plus” internet televiziyasının rəhbəridir. Əməkdar incəsənət xadimidir (2011).

x