Bəxtiyar Vahabzadə

şair

Personal Info

  • Doğum tarixi: 16.08.1925
  • Vəfat tarixi: 13.02.2009

Biography

Bəxtiyar Mahmud oğlu Vahabzadə Şəkidə anadan olub. Kiçik yaşlarında ailəsi Bakıya köçüb (1934). Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb (1942-1947). “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik (1951), “Səməd Vurğunun həyat və yaradıcılığı” (1964) mövzusunda monoqrafiyanı müdafiə edib, filoloji elmlər doktoru alimlik dərəcəsi alıb. 40 ildən artıq universitetdə dərs deyib. Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” şeirilə başlayıb. 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. 50-yə yaxın kitabı xaricdə nəşr olunub. Akademik Dövlət Dram Teatrının səhnəsində onun “Vicdan”, “İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya?”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı” pyesləri tamaşaya qoyulub. 20-dən artıq iri həcmli poemanın müəllifidir. Hələ 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri olub. 1959-cu ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib. Bu poemaya görə 1962-ci ildə şair “millətçi” damğası ilə Universitetdən çıxarılıb, yalnız 2 ildən sonra yerinə qaytarılıb. Birbaşa Sovyet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovyetlər İttifaqı dağılandan sonra “Sandıqdan səslər” başlığı altında nəşr etdirib. Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000) olub. Əməkdar incəsənət xadimi (1974), Azərbaycan (1975) və SSRİ (1984) Dövlət Mükafatı laureatı, Xalq şairi (1985), Akademik (2000), “İstiqlal” ordeni laureatı (1995) Bəxtiyar Vahabzadə 2009-cu ildə vəfat edib.

 

x