Bəşir Səfəroğlu

aktyor

Personal Info

  • Doğum tarixi: 11.03.1925
  • Vəfat tarixi: 23.03.1969

Biography

Bəşir Səfəroğlu (Bəşir Səfərov Səfər oğlu) Qubanın Rustov kəndində anadan olub. Atası erkən vəfat etdiyi üçün 1931-ci ildə anası ilə birlikdə Bakıya köçüblər. 14 yaşından şoferlər klubunun dram dərnəyinə gedib. Kiçik intermediyalarda, birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar oynayıb. Əli Bayramov klubunun nəzdində fəaliyyət göstərən Hüseynbala Zeynalovun dram dərnəyinə gedib, burada “Sevil” (Cəfər Cabbarlı) pyesində Gündüz rolunu oynayıb (1939). Bir müddət sonra Dənizçilərin Mədəniyyət Evində çıxış edib. Burada səhnəyə qoyulan “Ölülər” tamaşasında ifasını görən Musiqili Komediya Teatrının rejissoru Niyaz Şərifov onu teatra dəvət edib. 1941-ci ildə müharibəyə yollanıb, 1942-ci ildə kontuziyalı qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Niyaz Şərifov bir həftədən artıq hər gün Musiqili Komediya Teatrının qarşısında dayanıb həsrətlə boylanan aktyoru yenidən teatra qaytarıb, əvvəlcə tamaşaçı, sonra isə kütləvi səhnələrin aktyorlarından biri kimi. Çox keçməyib ki, teatr sevgisi möcüzə yaradıb. Yuxusunda səhnəyə yararsızlığını görüb bərk həyəcanlanan aktyorun dili də, qulaqları da açılıb, yaratdığı səhnə möcüzələri də elə bundan sonra başlanıb.“Gözün aydın” kоmediyasında Salyanski, “Tоy kimindir”də Uzun, “Rəisin arvadı” tamaşasında Balaəmi, “О оlmasın, bu оlsun” оperettasında Məşədi İbad və bu teatrın səhnəsində yaratdığı оnlarca digər оbraz Azərbaycanın səhnə оbrazları qalereyasının incilərindədir. Xarici film istehsalçılarının “Xoca Nəsrəddinin 12 qəbri”(1966, rejissor Klementi Mints / Tacikistan) filmində baş rola çəkilib, “Bizə bircə xal lazımdır” musiqili komediyasının librettosunu yazıb. Əməkdar artist (1964), Xalq artisti (1968) Bəşir Səfəroğlu 1969-cu ildə 44 yaşında vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Aktyor Bəşir Səfəroğlu aktrisa Afaq Bəşirqızının atasıdır.

 

 

x