Bəkir Nəbiyev

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 21.08.1930
  • Vəfat tarixi: 15.03.2012

Biography

Bəkir Əhməd oğlu Nəbiyev Ağdaşın Üçqovaq kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb (1949-1954). Əmək fəaliyyətinə müharibə illərində başlayıb. Ağdaş radio şəbəkəsinin diktoru işləyib (1945-1947). Sonra Ağdaş şəhərində və Yeniarx kəndində müəllim (1947-1949), təhsil illərində Bakıda ədəbiyyat müəllimi olub. Tələbəlik illərində ilk tənqidi qeydləri “Lenin tərbiyəsi uğrunda” qəzetində dərc olunub. Ədəbi fəaliyyətə “Ədəbiyyat qəzeti”ndə çap edilən “Dama-dama göl olar” rəyi ilə başlayıb (1951). “Azərbaycan gəncləri”, “İnşaatçı” qəzetlərində məsul katib müavini, ədəbi işçi vəzifələrində işləyib (1954-1957). ADU-nun aspiranturasında “F.Köçərlinin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə edib (1960). “Kommunist” qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri işləyib (1959-1961). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun sovet ədəbiyyatı şöbəsində kiçik elmi işçi, şöbə müdiri və institutun elmi katibi (1961-1971), Azərbaycan EA Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Tarixi Muzeyinin direktoru (1971-1986), Azərbaycan Ədəbiyyat Fondunun sədri işləyib (1982-1986). AMEA Rəyasət Heyətinin üzvü və Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olub (2003-2012). “Çoxmillətli sovet ədəbiyyatı tarixi”nin, ikicildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi”nin müəlliflərindən və redaktorlarından biri, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin baş redaktorudur. Ali məktəblərdə mühazirələr oxuyub. Təfəkkür Universitetində filologiya kafedrasının müdiri olub (2002). 30 cildlik “Türk dünyası ədəbiyyatı” ensiklopediyasının respublika üzrə məsul əlaqələndiricisi idi. Azərbaycan EA Ədəbiyyat, Dil və İncəsənət bölməsinin rəhbəri (1987-2001). Azərbaycan EA partiya komitəsinin katibi (1978-1979), Yazıçılar İttifaqı nəzdində tənqid və ədəbiyyatşünaslıq şurasının (1965-1985), SSRİ EA nəzdində humanitar elmlərə dair tədqiqatları əlaqələndirmə Şurasının, Azərbaycan EA Rəyasət Heyətinin üzvü, “Xəbərlər” (Ədəbiyyat, Dil və İncəsənət seriyası) jurnalının baş redaktoru, Azərbaycan Mədəniyyət fondunun sədri (1987-1990), ədəbiyyat üzrə ixtisaslaşdırılmış müdafiə şurasının sədri (1993-cü ildən), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiya heyətinin, Dövlətnəşrkomun metodiki şurasının, “Azərbaycanfılm” studiyasının bədii şurasının, Azərbaycan Yazıçılar İttifaqının, “Vətən” cəmiyyəti idarə heyətinin, respublika “Bilik” cəmiyyəti plenumunun üzvü, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasının məsləhətçisi kimi fəaliyyət göstərib. Görkəmli alim ədəbi-tənqidi məqalələri üçün tənqidçilər arasında «Qızıl qələm» mükafatını almış (1974) ilk Azərbaycan tənqidçisidir. Tədqiqatlarına görə Azərbaycan Respublikasının Dövlət Mükafatlarına (1978, 2010), “Xalqlar Dostluğu” ordeninə (1986), “Hacı Zeynalabdin Tağıyev” (1993), “Məmməd Araz2 (1994) mükafatlarına, Beynəlxalq TİKA mükafatına (2002), Azərbaycan Jurnalistlər Birliyi Rəyasət Heyətinin “Ustad2 Ali Mükafatına (1997), “Akademik Yusif Məmmədəliyev” medalına (2005), “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb. Filologiya elmləri doktoru (1970), Professor (1982), Əməkdar elm xadimi (1990), Akademik Bəkir Nəbiyev 2012-ci ildə vəfat edib.

x