Aydın Kazımzadə

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 15.01.1940

Biography

Aydın Ələsgər oğlu Kazımzadə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində (1958-1963), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində reklam işi üzrə yaradıcı və rəhbər kinematoqrafiya işçilərinin ixtisasartırma kurslarında (1985) təhsil alıb 1963-cü ildən həyatını kinematoqrafiya sahəsinin tədqiqinə həsr edib. “Kino yenilikləri” qəzetində fotoqraf, korrektor, redaktor, “Kino” qəzetinin və “Film” jurnalının baş redaktoru, Azərbaycan SSR Dövlət Kinematoqrafiya Komitəsi Məlumat-reklam bürosunun direktoru, Azərbaycan televiziyasında dublyaj şöbəsinin müdiri, “Azərkinovideo” İB-də reklam şöbəsinin müdiri, Azərbaycan Kino Ensiklopediyasının baş redaktor müavini, icraçı direktoru, Dövlət Film Fondunun direktor müavini, baş mütəxəssisi, Dövlət Film Fondunun nəzdindəki Kino Muzeyinin aparıcı mütəxəssisi vəzifələrində çalışıb. 1997-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino tarixindən dərs deyib, dosentdir. Kinoya aid 200-dən artıq elmi və publisistik məqaləsi dövri mətbuatda çap olunub. Yerli televiziya kanallarında “Kino tariximizdən”, “Kinoman”, “Kinosalnamə”  verilişlərinin müəllifi və aparıcısı olub. Azərbaycan kino tarixinin 1916-cı ildən deyil, məhz 1898-ci ildən başlanması faktının üzə çıxarılıb sübuta yetirilməsi və 2 Avqust tarixinin Kino Günü elan edilməsi Aydın Kazımzadənin adı ilə bağlıdır. Əməkdar mədəniyyət isçisi (2000), Əməkdar incəsənət xadimi (2005), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2014), “Humay”, “Qızıl qələm”, “Qızıl çıraq”, “Zirvə”, “Həsən bəy Zərdabi” mükafatları laureatı, kino rejissoru Arif Babayev adına Fəxri diplomun sahibidir.

 

x