Aydın Əzimov

bəstəkar

Personal Info

  • Doğum tarixi: 18.02.1946

Biography

Aydın Kərim oğlu Əzimov (Aydın Əzim Kərimoğlu / Aydın Əzimzadə) Bakının Əmircan kəndində anadan olub. Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin Nəzəriyyə şöbəsində (1960-1964), Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində (1964-1972, Qara Qarayevin sinfi) təhsil alıb. Simfonik əsərlərin, kamera musiqisi, teatr və kino musiqisi, mahnı və romansların müəllifidir. Üzeyir Hacıbəyovun Azərbaycan Respublikası Dövlət Himnini bərpa edib. Azərbaycan Dövlət Teleradio Komitəsində çalışıb, Radionun Musiqi Verilişləri Baş redaksiyasında kiçik redaktor, böyük redaktor, şöbə müdiri, Radionun səsyazma Evində səs rejissoru, baş rejissor, Azərbaycan teleradio Komitəsi Bədii kollektivlərinin və səsyazma evinin müdiri, “Azərbaycantelefilm” yaradıcılıq birliyinin baş məsləhətçisi vəzifələrini icra edib (1968-1996). 1996-2005-ci ildə Türkiyə Respublikası Mersin Universitetinin Dövlət Konservatoriyasında çalışıb, Bəstəkarlıq fakültəsini təşkil edib. 2005-ci ildən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasında professor olaraq fəaliyyətini davam etdirir. Musiqi Akademiyasının elmi laboratoriyasının fəal əməkdaşıdır, dini musiqi, aşıq musiqisi və muğam üzrə elmi araşdırmalar aparır və buna aid bir çox kitabların və məqalələrin müəllifidir. Əsərləri arasında Üzeyir Hacıbəyovun “Azərbaycan himni”nin bərpası – klavir və partiturası (1991), “Həyatın dibində” simfonik lövhələri (1991), simfonik orkestr üçün “Böyük Romul” süitası (1992), qoboy və vibrafon üçün 2 pyes (1992), “Əmanət” musiqili komediyası (1993), “Ağılar” simfonik quramalar (1994), “Qətl günü” simfonik röyalar (1994), “Yay gecəsinin yuxusu” müzikl (1995), “Karmen” müzikl (1995), simfonik orkestr üçün 10 əsgər marşı (1996-1998), Nazim Hikmətin və Vaqif Səmədoğlunun sözlərinə vokal silsilələr (1997), piano üçün variasiyalar (2001), teatr tamaşalarına musiqilər – “Həyatın dibində” (1991), “Böyük Romul” (1992), “Lənkəran xanının vəziri” (1992), “Yayda qartopu oyunu” (1993), “Qətl günü” (1994) var. Azərbaycan bəstəkarlarının skripka əsərlərindən ibarət skripka və fortepiano üçün “Sonata-poema” əsərini yazıb və bu 11 illik musiqi və incəsənət məktəblərinin tədris proqramlarına salınıb. Hazırda Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müdiridir. Əməkdar incəsənət xadimidir.

 

x