Arzu Soltan

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 02.02.1971

Biography

Arzu Soltan (Arzu Əli qızı Həsənli) Bakıda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb (1995). Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz Üniversitetinin Kommunikasiya və Media Çalışmaları fakültəsinin doktorantıdır. “Sosial media savadlılığı” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. 1988-ci ildən mətbuatda çalışır. “İnşaatçı”, “Ordu”, “Azadlıq” qəzetlərində və “Olaylar” informasiya agentliyində müxbir, şöbə müdiri, redaktor vəzifələrində işləyib. “Çox yaşa” və “Uşaq teatrı” qəzetlərinin baş redaktoru olub. “Diplomat Körpəm” uşaq jurnalının və Proloq.az onlayn jurnalın baş redaktorudur. “Azərbaycanda qadın mətbuatı” adlı tədqiqat işi, “Cənubi Qafqazda gender situasiyası” mövzusunda çıxışı Azərbaycanda və xaricdə bir sıra mətbuat orqanlarında nəşr olunub. Jurnalistlər və mədəniyyət menecerləri üçün keçirilən müxtəlif beynəlxalq kursların, təlimlərin, forumların, elmi konfransların iştirakçısı, məruzəçisi, aparıcısı, Beynəlxalq Jurnalistlər Federasiyasının (Brüssel) Cənubi Qafqazda gender məsələləri üzrə regional koordinatoru olub. Avrasiya Fondu, Avstriyanın Intercultural Centre, Litvanın the Association for non-formal Education təşkilatlarının gənc jurnalistlər üçün nəzərdə tutulan “Cənubi Qafqaz Avropanın bir hissəsidir” (2007-2010) layihəsində təlimçi-ekspert kimi çalışıb. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Qadın İştirakçılığı Proqramı tərəfindən “Qadınlar mediada” nominasiyası üzrə gender bərabərliyi məsələlərini kütləvi informasiya vasitələrində geniş işıqlandırdığına görə mükafat alıb (2012). “Baş rolda hüquqlarımız” (2005) və “Birpərdəli uşaq pyesləri” (2015) kitabları işıq üzü görüb. Hekayələrinə görə Milli Kitab Mükafatının diplomuna layiq görülüb (2010).

Hazırda Səbael rayonundakı N.Nərimanov adına Kütləvi Kitabxananın direktoru olub (2008-2011). “Körpəm” Eksperimental Uşaq Teatrının, daha sonra Bakı Uşaq Teatrının ədəbi hissə müdiri kimi fəaliyyət göstərib. 1990-cı ildən indiyə kimi bu teatrlarda onlarla pyesi səhnələşdirilib. Tamaşaları müxtəlif yerli və beynəlxalq festivalların iştirakçısı və diplomçusu olub. Bakı Uşaq və Gənclər Teatrının nəzdində fəaliyyət göstərən FORUMCLUB-un rəhbəridir.

Televiziya verilişlərinin və uşaq filmlərinin ssenari müəllifi, “Quşcuğazın hekayətləri” silsilə uşaq verilişlərinin ssenari müəlliflərindən biridir. Narkomaniya və QİÇS mövzusuna həsr olunmuş “Xaşxaşın göz yaşı və ya həyatla oyun”n tamaşası Bakıda və bölgələrdə 500 dəfədən çox nümayiş olunub. Yerli və beynəlxalq təşkilatların, eləcə də Avropa Şurasının narkotiklərə qarşı mübarizə üzrə “Pompidou qrupu”nun diplomuna layiq görülüb.

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədrinin müavini və “Miras” elmi-kütləvi jurnalının məsul katibi vəzifəsində çalışıb (2011-2013). Təşkilatın həyata keçirdiyi layihələtin rəhbəri, nəşr etdirdiyi kitabların həmmüəllifi və redaktoru olub.

Hazırda Bakı Uşaq və Gənclər Teatrının ədəbi hissə müdiridir.

Ssenarist Arzu Soltan aktyor İntiqam Soltanın həyat yoldaşıdır.

x