Ağa Əli Dadaşov

rejissor

Personal Info

  • Doğum tarixi: 20.03.1906
  • Vəfat tarixi: 07.12.1973

Biography

Ağa Əli Abbas Əli oğlu Dadaşov (Ağəli Dadaşov / Ağaəli Dadaşov) Bakıda anadan olub. N.Nərimanov adına Sənaye Texnikumunda (1923), M.F.Axundov adına Teatr Texnikumunda (1929), Lunaçarski adına Teatr İnstitutunun rejissorluq fakültəsində (1930-1935) təhsil alıb. Azərbaycan Dövlət Dram Teatrında “Almas” və “Vətən namusu” əsərlərinin quruluşunu verib (1936-1938). Lakin teatrda fəaliyyətini davam etdirə bilmir, qardaşının faciəli şəkildə qətlə yetirilməsi onun bütün planlarını alt-üst edir. Atasının ürəyi də bu faciəyə tab gətirmir. İkinci qardaşı Həsənəli Sovet hakimiyyəti dövründə nazir vəzifəsinə qədər ucalır. Lakin 1938-ci ildə o, “vətən xaini” damğası ilə həbs olunaraq, ailəsi ilə birlikdə Orta Asiyaya sürgün edilir. O zaman erməni müstəntiqi onu dindirərkən qardaşının başı kəsilən vaxt “bu, əclaf ermənilərin işidir” deməsini də ona qarşı bir ittiham kimi səsləndirir. Yenicə fəaliyyətə başlayan gənc rejissor Ağa Əli Dadaşov isə “vətən xaini”nin qardaşı kimi paytaxtdan uzaqlaşdırılır. O, Gəncə Dram Teatrında “Pəri cadu”, “Bəxtsiz cavan”, “Sevil”, “Ölülər”, “Fərhad və Şirin”, “1905-ci ildə” pyeslərinə verdiyi quruluşlar kollektivin yaradıcılıq həyatında mühüm hadisə olub. Ağa Əli Dadaşovun yenidən Bakıya qayıtması və M.Qorki adına Gənc Tamaşaçılar Teatrında fəaliyyəti onun həyatında mühüm bir dövrü əhatə edir. Burada Mir Cəlalın “Bir gəncin manifesti”, Mehdi Hüseynin “Komissar” romanı əsasında “Sirli şəhər”ini, Əli Vəliyevin “Gülşən” povestinin səhnələşdirib. Azərbaycan Dövlət Dram Teatrında, Opera və Balet Teatrında, C.Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Dram Teatrında rejissor, Gənc Tamaşaçılar Teatrında baş rejissor (1954-1956), Gəncə Dövlət Dram Teatrında baş rejissor və bədii rəhbər, Ağdam Dövlət Dram Teatrında rejissor və bədii rəhbər, Pionerlər Evində bədii rəhbər, İncəsənət İşləri İdarəsində teatr şöbəsinin rəisi vəzifələrində çalışıb. Bir müddət Bakı kinostudiyasında rejissor assistenti və rejissor işləyib. 1956-cı ildə televiziyaya baş rejissor təyin olunan tələbəsi Rauf Kazımovski onu da dəvət edib. Azərbaycanda televiziya teatrının əsasını qoyanlardan biri də Ağa Əli Dadaşov olub. Rauf Kazımovski, Arif Babayev, Kamil Rüstəmbəyov, Ağakişi Kazımov, Lütfi Məmmədbəyov hamısı Ağa Əli Dadaşovun tələbələri olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyor və rejissorluq sənətindən dərs deyib (1968–1973). Əməkdar incəsənət xadimi Ağa Əli Dadaşov 1973-cü ildə vəfat edib.

x