Ənvər Məmmədxanlı

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 29.02.1913
  • Vəfat tarixi: 19.12.1990

Biography

Ənvər Qafar oğlu Məmmədxanlı Göyçayda anadan olub. N.Nərimanov adına Sənaye Texnikumunda (1926-1931), Azərbaycan Neft İnstitutunda, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda (1936-1938) təhsil alıb. Bakıda mexaniki zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik işləyib (1931-1934). “Azərnəşr”in bədii şöbəsində redaktor və tərcüməçi (1934-1936), “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi (1941-1942), İkinci Dünya Müharibəsi dövründə cənub-qərb cəbhəsində “Qızıl Ordu” cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olub. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilib. 1942-ci ilin sonunda bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində 416-cı diviziyada olub. Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışıb (1943-1944). Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilib. Təbrizdə nəşr olunan “Vətən yolunda” ordu qəzeti redaksiyasıda xüsusi müxbir kimi çalışıb (1944-1946). Ordudan tərxis ediləndən sonra “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olub (1946-1964). Ədəbi fəaliyyətə 1930-cu ildən başlayıb. Azərbaycan ədəbiyyatında lirik hekayə janrına müraciət edən ilk yazıçıdır. “Buz heykəl” hekayəsi sözlərdən düzəlmiş canlı abidədir. “Burulğan” povesti, Azərbaycan xalqının milli azadlıq mübarizəsindən bəhs edən “Od içində” pyesi və lirik hekayələrlə yanaşı, həm də kino tarixində öz yeri olan bədii filmlərinin ssenari müəllifidir. Əməkdar incəsənət xadimi (1963), Xalq yazıçısı (1987) Ənvər Məmmədxanlı 1990-cı ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

 

x