Əkrəm Əylisli

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 06.12.1937

Biography

Əkrəm Əylisli (Əkrəm Naibov Nəcəf oğlu) Ordubadın Yuxarı Əylis kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində və M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. “Azərnəşr”də redaktor (1965-1968), “Gənclik” nəşriyyatının baş redaktoru (1968-1970), “Ulduz” jurnalı redaksiya heyətinin üzvü (1967-1978), SSRİ Yazıçılar İttifaqı bədii şurasının üzvü (1968-1976), “Azərbaycan” jurnalının (1978-1983), “Mozalan” satirik kinojurnalının təsisçisi və ilk baş redaktoru (1970-1971), Azərbaycan Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin baş redaktoru (1974-1978), Azərbaycan Sovet Yazıçıları İttifaqının katibi (1987-1991), “Yazıçı” nəşriyyatının direktoru olub (1992-ci ildən). SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin və Azərbaycan Yazıçılar İttifaqı rəyasət heyətinin, eyni zamanda “Azərbaycan” və “Drujba narodov” jurnalları redaksiya heyətlərinin üzvü seçilib (1978-1990). Bədii yaradıcılığa şeirlə başlayıb. İlk mətbu hekayəsi “Qəşəm və kürəkəni” “Azərbaycan” jurnalında dərc olunub (1959). “Quşu uçan budaqlar”, “Mənim nəğməkar bibim”, “Bağdada putyovka var”, “Vəzifə”, “Anamın pasportu”, “Ata mülkü” pyesləri müxtəlif teatrlarda səhnəyə qoyulub. “Gilas ağacı” (1961), “Dağlara çən düşəndə” (1963), “Atalar və atasızlar” (1965), “Mənim nəğməkar bibim” (1968), “Adamlar və ağaclar” (1970, 1985), “Kür qırağının meşələri” (1971), “Ürək yaman şeydir” (1973), “Bu kənddən bir qatar keçdi” (1977), “Gilənar çiçəyinin dedikləri” (1983), “Ədəbiyyat yanğısı” (1989) və başqa kitabları nəşr olunub. İvan Turgenev, Çingiz Aytmatov və başqalarından tərcümələri var. Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olub. Şərəf nişanı və “Şöhrət” ordeni ilə təltif olunub. Əməkdar incəsənət xadimidir (1984). “Daş yuxular” əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri təhrif etməsi ilə ittiham edilərək Xalq yazıçısı fəxri adından məhrum edilib (2013).

 

x