Əjdər Ol

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 17.08.1958

Biography

Əjdər Ol (Əjdər Cəbiyev Feyzulla oğlu) Qazıməmməd (indiki Hacıqabul) şəhərində anadan olub. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində (1975-1979), Moskva Dövlət Sosial Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb (1994-1999). Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Lerik rayonunun Acıqışlaq kənd səkkizillik məktəbində müəllim (1979-1985), “İşıq” nəşriyyatında korrektor, kiçik redaktor (1986-1988), Yazıçıların Yaradıcılıq Evində direktor müavini (1988-1990), Bədii Ədəbiyyatın Təbliği Bürosunda direktor müavini (1990-1992), Azərbaycan Respublikası Prezidenti Aparatının Milli siyasət şöbəsində məsləhətçi (1992-1994), “Şur” nəşriyyatında baş redaktor (1994), Azərbaycan Respublikasının Maliyyə Nazirliyində Mətbuat xidməti və protokol bölməsinin rəisi (1994-2002), Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Kadr və hüquq departamentinin direktoru (2002-2004), Aparat rəhbəri (2004-2013) vəzifələrində çalışıb. Bir müddət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri işləyib (2013-2018). Bədii yaradıcılığa keçən əsrin 80-ci illərindən başlayıb. “Dünənim də belə keçdi”, “Necə sevməyəsən” adlı ilk şeirləri “Azərbaycan” jurnalında (1981) dərc ediləndən sonra almanax, jurnal və qəzetlərdə poetik və publisistik əsərləri ilə müntəzəm çıxış edir. Kitabların, pyeslərin, ssenarilərin və tərcümələrin müəllifidir. “Molla Nəsrəddin və Əmir Teymurun filləri” komediyası Gənclər Teatrında (2005), “Son məktub” pyesi Akademik Dram Teatrında (2007), “Kimyagər” pyesi Musiqili Teatrda (2012), “Biri vardı, biri yox…” pyesi isə Gənc Tamaşaçılar Teatrında (2015) tamaşaya qoyulub. Azərbaycan televiziyasında “Gülüstan” ədəbi verilişinin yaradıcısı və aparıcısı olub (2000-2008). Türkiyədə, Almaniyada, Rusiyada, Moldovada, İranda, Polşada, Gürcüstanda kitabları nəşr edilib. “Dövlət qulluğunda fərqlənməyə görə” medalına (2007), ədəbiyyat sahəsində “Əli və Nino” Kitab Nəşrləri Evinin Beynəlxalq kitab (“Portret hekayələr” nəsr kitabına görə, 2010), Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” (“Yaşa” şeirlər kitabına görə, 2011), Mahmud Kaşqari adına beynəlxalq (“Hərbi səhra komandirinin meymunu” hekayədinə görə, 2012) mükafatlarına layiq görülüb.

Əjdər Olun fərdi saytı: www.ejderol.net

 

x