24 oktyabr 2025 Mənbə: AZƏRTAC

“ZƏFƏR RƏQSİ” FİLMİNİN QALA-PREMYERASI KEÇİRİLİB

“ZƏFƏR RƏQSİ” FİLMİNİN QALA-PREMYERASI KEÇİRİLİB

Nizami Kino Mərkəzində Vətən müharibəsindəki qələbəmizin 5 illiyi münasibətilə “Zəfər rəqsi” qısametrajlı bədii filminin qala-premyerası keçirilib. Film “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşəbbüsü, “Balakhani Operating Company” hasilat şirkətinin və YAŞAT Fondunun dəstəyi ilə ASAN TV tərəfindən istehsal olunub. Film Mir Cəlal adına Hekayə Müsabiqəsinin mükafatçısı, mərhum yazıçı Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilib.
Ekran əsərinin quruluşçu rejissoru və ssenari müəllifi Gəray Həsən, əsas rolların ifaçıları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Niyaz İlyasoğludur. Film iki ay ərzində ərsəyə gəlib, çəkiliş prosesi isə iki həftə davam edib.
Azər Aydəmir yaradıcılığında ilk dəfə qazi obrazını canlandırdığını və bu filmin yaddaşında xüsusi layihə kimi qalacağını söyləyib: “Filmin qəhrəmanı müharibədən sonra sadəcə rəqs etmək arzusu olan şəxsdir. Amma təəssüf ki, qazimiz döyüşdə aldığı yaralar səbəbindən ayaqları ilə bağlı ciddi zədələr alıb və bu arzusunun gerçəkləşməsi mümkünsüz görünür”.

İndi paylaş: