Cahangir Mehdiyev

Rejissor Ssenari müəllifi Aktyor Bədii rəhbər

Doğum tarixi:

13 yanvar 1951


Cahangir Yaqub oğlu Mehdiyev (Cahangir Mehdi) Bakıda anadan olub.

12 saylı musiqi məktəbində, Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram teatrı və televiziya rejissorluğu fakültəsində (1968-1973, Mehdi Məmmədovun sinfi), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsində (1974-1979, Georgi Daneliyanın emalatxanası) təhsil alıb.

Diplom işi kimi Azərbaycan Milli Akademik Dram Teatrında “Sevgi, sevgi” tamaşasına və Azərbaycan Dövlət Televizya və Radio Verilişləri Şirkətinin Ədəbi dram, incəsənət redaksiyasında “Yumoristik novellalar” adlı televiziya tamaşasına quruluş verib (1973).

“Diplom işi” adlı qısametrajlı bədii filmi Cexoslovakiyanın Karlovı-Varı, Almanyanın Oberxauzen, Manheym və İspanyanın Bilbao şəhərlərində keçirilən kinofestivallarda nümayiş etdirilib və mükafatlara layiq görülüb. “Mosfilm” kinostudiyasında keçirilən 11-ci Beynəlxalq Kinofestivalda “Vah!” filmi “Ən yaxşı rejissor işinə görə”, Minsk şəhərindəki kinofestivalda isə “Ən yaxşı komediya işinə görə” mükafat alıb (1980). Bakıda Lenin meydanında keçirilən Azərbaycan SSR-in 60 illik yubileyinə həsr olunmuş bədii-kütləvi meydan tamaşasının quruluşçu rejissoru olub (1980).

“Azərbaycanfilm” kinostudiyasında rejissor, quruluşçu rejissor, ssenarist və aktyor kimi fəaliyyət göstərib (1979-1990). Azərbaycan Respublikası Mədəniyyət Fondunun icraçı direktoru (1990-1995), Boulinq Federasiyasının vitse-prezidenti (1998-2007), “Mozalan” studiyasının direktoru və bədii rəhbəri (1998-2007) olub. 

Bir müddət Lider televiziyasında çalışıb, “Sağlam bədəndə sağlam ruh” adlı silsilə televizya idman və bədən tərbiyəsi verilişinin rejissoru, aparıcısı və müəllifi olub (2001-2005).

Azərbaycan Televizya və Radio verilişləri QSC-də (Azərbaycantelefilm Yaradıcılıq Birliyi) ali kateqoriyalı rejissor kimi fəaliyyət göstərib (2007-2016). 

2011-ci ildən Azərbaycan Respublikası Milli Olimpya Komitəsində çəkiliş qrupunun rəhbəri kimi çalışıb.  

Xarici film istehsalçılarının “Azadlıq şirin sözdür” (1972, rejissor Vitautas Jalakyaviçyus / Rusiya, Litva) və “Afonya” (1975, rejissor Georgi Daneliya / Rusiya) filmlərində çəkilib.

Əməkdar incəsənət xadimi (2000), Əməkdar məşqçidir (1998).

Rejissor Cahangir Mehdiyev rejissor Elnur Mehdiyevin atasıdır.