Elmira Qafarova
Doğum tarixi:
01 mart 1934
Vəfat tarixi:
01 avqust 1993
Elmira Mikayıl qızı Qafarova Bakının Balaxanı qəsəbəsində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində (1953-1958) və aspiranturada (1958-1961) təhsil alıb.
Universitetin komsomol komitəsinin katibi (1955-1958), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində elm və ali məktəblər şöbəsində təlimatçı (1961-1962), Azərbaycan Komsomol Təşkilatı Mərkəzi Komitəsində katib (1961-1962), Komsomol Komitəsində birinci katib (1966-1970), Kommunist Partiyasının Mərkəzi Komitəsində Mədəniyyət şöbəsinin müdir müavini (1970-1971), Bakı şəhər Partiya Komitəsində ideologiya üzrə katib (1971-1980), Maarif Naziri (1980-1983), Xarici İşlər Naziri (1983-1987), Nazirlər Soveti sədrinin müavini (1987-1989), Ali Sovetin Rəyasət Heyətinin sədri (1989-1990), Ali Sovetin sədri (1990-1992) vəzifələrində çalışıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakı şəhərinə soxularaq dinc əhalini qətlə yetirdiyi bir vaxtda Elmira Qafarova sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayətə etiraz bəyanatı ilə çıxış edib. 160 deputatın müraciəti ilə 1990-cı il yanvarın 21-də və 22-də Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasını çağırılıb. Sessiya yanvarın 22-də “SSRİ Ali Sovetinə, müttəfiq respublikaların Ali Sovetlərinə, SSRİ xalqlarına, dünyanın bütün ölkələrinin parlamentlərinə, Birləşmiş Millətlər Təşkilatına Azərbaycan SSR Ali Sovetinin Müraciəti”ni qəbul etdi. Onun Ali Sovetin sədri olduğu dövrdə tarixi əhəmiyyətli qərarlar qəbul olundu: 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edildi, oktyabrın 29-da müstəqilliyin tanınması haqqında “Dünya birliyinin üzvü olan dövlətlərin parlament və hökumətlərinə Ali Sovetin müraciəti” qəbul olundu, 1992-ci il martın 2-də Azərbaycan Respublikası BMT-yə üzv qəbul edildi.
Filologiya elmləri namizədi (1961) Elmira Qafarova 1993-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.