Bəxtiyar Vahabzadə
Doğum tarixi:
16 avqust 1925
Vəfat tarixi:
13 fevral 2009
Bəxtiyar Mahmud oğlu Vahabzadə Şəkidə anadan olub. 1934-cü ildə ailəsi Bakıya köçüb.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1942-1947).
“Səməd Vurğunun lirikası” mövzusunda namizədlik (1951), “Səməd Vurğunun həyat və yaradıcılığı” (1964) mövzusunda doktorluq işini müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsi alıb. 40 ildən artıq Bakı Dövlət Universitetində dərs deyib.
Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” şeirilə başlayıb. 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. 50-yə yaxın kitabı xaricdə nəşr olunub. Pyesləri tamaşaya qoyulub. 20-dən artıq iri həcmli poemanın müəllifidir.
60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncülərindən olub. 1959-cu ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib. Bu poemaya görə 1962-ci ildə “millətçi” damğası ilə Universitetdən çıxarılıb, 2 ildən sonra yerinə qaytarılıb. Birbaşa Sovyet diktaturasını ifşa edən əsərlərini Sovet İttifaqı dağıldıqdan sonra “Sandıqdan səslər” başlığı altında nəşr etdirib.
Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000) olub. Əməkdar incəsənət xadimi (1974), Azərbaycan (1975) və SSRİ (1984) Dövlət Mükafatı laureatı, Xalq şairi (1985), Akademik (2000), “İstiqlal” ordeni laureatı (1995) Bəxtiyar Vahabzadə 2009-cu ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.