Aleksandr Puşkin

əsərindən istifadə olunub

Personal Info

  • Doğum tarixi: 26.05.1799
  • Vəfat tarixi: 29.01.1837

Biography

Aleksandr Sergeyeviç Puşkin Moskvada anadan olub. Onun dünya görüşünün formalaşmasında nənəsi Mariya Alekseyevnanın (Hannibal), tərbiyəsində isə dayəsi Arina Radionovnanın rolu böyük olub. Dayəsinin danışdığı nağılların süjetlərindən istifadə edərək “Çar Saltan haqqında nağıl”, “Qızıl xoruz haqda nağıl”, “Ölmüş çar qızı haqda nağıl” və başqa əsərlər yazıb. 6 il Çarskoselsk liseyi şairlik istedadının inkişafına köklü şəkildə təsir göstərib. Həmin illərdə ədəbi fəaliyyətə başlayır. 16 yaşında Derjavinin qarşısında “Çar kəndində xatirələr” şeirini oxuyur. 1817-ci ildə liseyi kollec katibi rütbəsində bitirən şair Xarici İşlər Kollegiyasına təyinat alır, 1819-cu ildə isə dekabristlərin rəhbərlik etdiyi “Yaşıl çıraq” ədəbi-teatr cəmiyyətinə üzv olur. Hələ liseydə təhsil alan zaman başladığı “Ruslan və Lyudmila” poemasını bitirir. Poema tənqidçilər tərəfindən yaxşı qarşılanmır, şair poema janrının yüksək kanonlarını aşağı salmaqda ittiham olunur. Onu siyasi əsərlərinə görə Sibirə sürgün edə bilərdilər. Qlinka, Karamzin, Çaadayev kimi dostlarının himayəsi onun cəzasının yüngülləşdirilməsi və sürgün əvəzinə xidməti yerinin Ekatirinoslava dəyişdirilməsi ilə nəticələnir. 1820-ci ildə epiqramlar yaydığı üçün şair cənuba sürgün edilir. Bu illərdə o, “Qafqaz əsiri”, “Baxçasaray fontani”, “Quldur qardaşlar” əsərlərini yazır, gələcəkdə ona böyük şöhrət gətirəcək “Yevgeni Onegin” romanı üzərində işə başlayır. 1823-cü ildə xidməti yeri Odessaya dəyişdirilir. Bir il sonra istefa üçün müraciət edən şair bu dəfə şimal sürgününə, malikanəsinin olduğu Mixaylovsk kəndinə göndərilir. Burada “Boris Qodunov”u yazır. Mixaylovskda olarkən ona dekabristlərin üsyanı və dostlarının edam edilməsi xəbəri çatır. Axtarışdan ehtiyatlanan şair avtobioqrafik qeydlərini məhv edir. 1826-cı ildə I Nikolay onu Moskvaya çağırır və himayəyə götürəcəyini bildirir. Lakin çar tərəfindən verilən azadlıq uzun sürmür. 1828-ci ildə şair üzərində nəzarət üçün sərəncam verilir. Bu sərəncamdan sonra şair özbaşına Moskvanı tərk edərək Qafqaza, dostlarının yanına gedir. Səfər zamanı təəssüratlarını “Ərzuruma səyahət” oçerkində, “Qafqaz”, “Uçqun”, “Gürcüstan təpələrində” şeirlərində oxuculara çatdırır. 1830-cu ildə o, Natalya Qonçarova ilə evlənmək qərarına gəlir. Toydan əvvəl atası tərəfindən ona hədiyyə olunmuş Boldino malikanəsinin yaxınlığında yerləşən Kistenevka kəndinə gedir. Moskvada baş qaldırmış vəba epidemiyası üzündən üç ay burada qalmağa məcbur olan şair “Mərhum İvan Petroviç Belkinin povestləri”, “Kiçik faciələr”, “Kolmnada evcik” və bir çox başqa əsərlər yazır, “Yevgeni Onegin” romanını bitirir. 1831-ci ildə Natalya Qonçarova ilə evlənib Peterburqa köçən şair tarixi mövzuda “Dubrovski”, “Kapitan qızı” və digər əsərləri qələmə alır. 1832-ci ildə o, bu dövr yaradıcılığının ən gözəl nümunələrindən olan “Qaratoxmaq qadın”, “Andjelo”, “Mis atlı”, “Balıqçı və qızıl balıq haqda nağıl” “Ölmüş şahzadə və yeddi pəhləvan” əsərləri üzərində də işləyir. Peterburqa qayıtdıqdan sonra maddi çətinliyə düşən şair 1834-cü ildə istefaya çıxır və bundan sonra həyatı dərc olunmuş əsərlərinin gətirdiyi qeyri-sabit gəlirlərdən asılı olur. Vaxtını hədər keçirməyərək I Pyotr zamanının tarixi sənədlərinin tədqiqi ilə məşğul olur, “Kapitan qızı” romanını dərc etdirdiyi “Sovremennik” ədəbi nəşrinin təməlinin qoyulmasında iştirak edir. 1834-cü ildə Peterburqa gələn fransız baron Dantes onun həyat yoldaşı Natalya Qonçarovaya vurulur. Bu bir çox dedi-qodunun yaranmasına səbəb olur. Bu səbəbdən şair Dantesi duelə çağırsa da onun Natalyanın bacısı Yekaterina Nikolayevnaya evlənmək təklif etməsindən sonra duel çağırışını geri götürür. Lakin evləndikdən sonra belə Dantes şairin həyat yoldaşına diqqət yetirməkdə davam edir. İntriqanın böyüməsində Dantesin atası baron Qekkernin də rolu az olmur. Bu hadisələrdən usanan şair Dantesin onu duelə çağıracağına ümid edərək baron Qekkernə təhqiramiz məktub yazır. Belə də olur, duel baş tutur. Şair qarnından ölümcül yaralanır və 2 gündən sonra, 37 yaşında Sankt-Peterburqda vəfat edir. Nümayişlərin başlayacağından ehtiyat edən çar şairin nəşini Peterburqdan məxfi olaraq çıxarılmasını əmr edir. Onun ölümü dünya ədəbiyyatını kədər içində boğur. Dramaturq Mirzə Fətəli Axundov şairin ölümünə şeir-mərsiyə həsr edir. Rus romantik ədəbiyyatının görkəmli nümayəndəsi olan Aleksandr Puşkin Rusiyanın “ən böyük şairi” və müasir rus ədəbiyyatının banisi sayılır.

x